22 May 2019 17:28
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim deyir ki, insan həmişə yaşıl ola bilməz? Kim deyir ki, 100 yaşlı qarı 20 yaşlı gənc qız təravətinə, plastikasına sahib ola bilməz? İnanmaq çətin olsa da, bu sehrin tək açarı yoqadır. Son illər bütün dünya yoqaya yönəlmək üzrədir. Həmsöhbətim də dediyi kimi səbəb sadədir. Bizi dünyanın bataqlığından yalnız yoqa xilas edə bilər.

Çandi həmçinin onu da deyir ki, yoqaya toxunan hər kəsin daxili, zahiri harmoniyası savaşların da yolunu bağlayır.

Publika.az-ın müsahibi hindistanlı peşəkar yoq Çandi Praveendir.

- Yoqanın vətəni Hindistandır. Siz də hindlisiniz. Demək söhbətimiz daha maraqlı olacaq...

- Ümid edirəm. Gizli deyil ki, Hindistan mədəniyyəti mənəviyyata, sağlamlığa xidmət edən qədim köklərə malikdir. Yoqa da onlardan sadəcə biridir. "Patancali Yoqa Sutra" yoqadan bəhs edən ilk traktatdır. Patancali yoqanın atası sayılır. Yoqa şüurun idarəsi deməkdir. Şüurunu idarə edən insan duyğularını da yönləndirir. Ən əsası öz təbiəti ilə baş-başa qala bilir. Bu baxımdan yoqanı elm kimi də qələmə verə bilərik. Ruhumuzu, bədənimizi və şüurumuzu balansda saxlayan mükəmməl elm. Bəzən adi insanlar düşünürlər ki, yalnız müdriklər, dünya həzzindən qat-qat üstün olanlar yoqaya yaxın ola bilər. Bu, çox yanlış düşüncədir. Dinindən, sosial statusundan, cinsindən asılı olmayaraq hər kəs taleyini yoqa ilə birləşdirmək iqtidarındadır. Həyatımız günbəgün daha gərgin, kədərli, zövqdən məhrum hala gəlir. Çox vaxt daha rahat həyata sahib olmaq, güzəranımızı yaxşılaşdırmaq üçün duyğularımızı da, istəklərimizi də susdurmalı oluruq. Bu balanssızlıq həyatımızı cəhənnəmə çevirir. İnsan eyni anda həm fiziki, həm mənəvi, həm də əqli inkişaf etməlidir. Bütün bunlar bərabər sürətlə baş verməlidir. Yoqa bu bərabərliyi bərpa edir, insanı xoşbəxtlik, sülh və sonsuz zövqlə qidalandırır.

- Siz nə vaxtdan yoqa ilə qidalanırsınız?

- 18 yaşımdan bəri yoqa ilə məşğul oluram. Sonra öz məktəbimi açdım. Uzun müddət xarici ölkələrdə, həmçinin Maldivdə çalışdım. İndi isə Azərbaycandayam.

- Bəzən düşünürlər ki, yoqa ilə məşğul olmağa qərar verən, mütləq vegetarian olmalıdır.

- Ümumiyyətlə, belə bir fakt var. İnsan nə yeyirsə ona bənzəyir. Qəbul etdiyimiz qida bizim hadisələrə reaksiyamızı formalaşdırır. İstənilən canlının cəsədini yeyən insanın sinirləri də həddən artıq oyanıq olacaq. Yoqa ilə məşğul olanlar artıq bədənini nəyin sevindirib-sevindirməyəcəyinə qərar verə bilir. Cəsəd yeməkdən özü uzaq durur.

- Son vaxtlar insanlar "çakra" terminindən istifadə edirlər. Bu sözü ən yaxşı sizin izah edəcəyinizə əminəm.

- Çakralar insan bədənində həyat enerjisinin toplandığı nöqtələrdir. İnsanın yaşamaq üçün gərək duyduğu güc bu çakralarda toplanıb. Çakra fiziki orqan deyil. Ümumiyyətlə, 7 çakra insanın anatomik quruluşundan asılı olmayaraq fəaliyyət göstərir. Buna baxmayaraq, enerji ötürən sinir sistemimiz və bir sıra əzələlərimizlə sıx əlaqəlidir. Onlar onurğa sütunu üzrə üfüqi şəkildə yerləşib. Bu 7 çakranı birləşdirən isə anahata çakradır. Belə hesab olunur ki, məhz anahatada insanın öz məni yerləşir. Aşağı çakralar insanın fiziki tələbatları, psixi sağlamlığı, nəsil artımı ünsiyyət bacarığını qidalandırır. Üst çakralarsa ali enerjilər və mənəvi tərəqqiylə əlaqəlidir.

- Gəlin, ən aşağı çakradan başlayaq.

- Məsələn, muladhara çakrası cinsi orqanla anus arasında yerləşir. Onun rəngi qırmızıdır. Əsasən fiziki sağlamlıq, nəsil artımı, güc kimi dəyərlərə cavabdehdir. Ayaqların, cinsiyyət orqanı və böyrəklərin fəaliyyətini və həyat enerjisini təmin edir. Bütövlükdə insanı yerlə, torpaqla əlaqələndirir. Bu çakranın enerji pozğunluğu maddi zövqlərə, dünyəvi həzzə yol açır.

- Sərxoşluq, pul hərisliyi kimi?

- Eynən. Muladhara bağlanarsa, insan yorğunluq, qorxu, passivliyə düçar olar. Növbəti çakra svadhisthanadır. Onun rəngi narıncıdır. Göbəklə bir məsafədə yerləşir. Nəsil artımı üçün gərəkli olan seksual enerjini təmin edir. Cinsiyyət hormonlarının balansı, spermanın keyfiyyəti, həzm sisteminin fəaliyyətindən cavabdehdir. Psixoloji anlamda güc, seksual instinkti qorumaq, ehtirası artırmaq, güvən kimi duyğuları formalaşdırır. Bu çakranın həddən artıq fəallığı əsəbi gərginliyə, qısqanclıq, qidaya bağlılığa gətirib çıxardır. Zəifliyi isə orqazmın yoxluğu, sonsuzluq, piylənmə ilə müşayiət olunur.

Keçək manikpuraya... Manikpura çakrasının rəngi sarıdır. Rəmzi oddur. Bu çakra əsasən pul qazanmaq və intellektual səviyyəni artırmağa xidmət edir. Mədə, qaraciyərin durumunu tənzimləyir. Psixoloji cəhətdən bu çakra əməksevərlik, cəmiyyətdə layiqli yerini tapmaq, özünü inkişaf etdirmək, iradə gücünün mərkəzidir. Sədaqət, insanlara güvən kimi duyğuları formalaşdırır. Manikpura həddən artıq olanda isə digərlərinin həyatına müdaxilə, radikallıq, karyera xatirinə bütün yollara əl atmaq, siyasi fanatizm kimi cəhətlər baş qaldırır. Zəifləyəndə isə insan öz məqsədlərinə çata bilmir, aciz canlıya çevrilir. Bu durumda adətən həzm sistemində ciddi problem yaşanır, hətta xərçəng xəstəliyi yaranır. İndi isə keçək anahataya.

- Yəni bizi biz edən əsas çakramız...

- Bəli, doğrudur.

Anahatanın rəngi yaşıldır. Ürəklə kürəklər arasındakı məsafədə yerləşir. Anahatanın rəmzi havadır, bütün çakraları zərif tellərlə bir-biri ilə əlaqələndirir. Bu çakra ürək, qan dövranı sisteminin fəaliyyətindən məsuliyyət daşıyır. Sevib-sevilmək duyğusunu təmin edir. Bununla da qalmır, bütövlükdə sevmək sənətini ruha öyrədir. Anahata çakrası güclü olan insan daha şəfqətli, mehriban və cəfakeşdir. Belə insanların yanında sonsuzadək qalmaq, söhbətləşmək istəyirsən. Uğurlarının səbəbi isə odur ki, həyatlarında həmişə sevgi, karyeralarında isə daimi uğur var. Anahata həddini aşanda isə sevgi çox bərbad şəkil alır. Nevroz və digər ürək xəstəliklərinə düçar olurlar. Onun üstündəki vişudha çakrası boğaz nayihəsində yerləşir. Rəngi mavidir. Ətraf aləmlə, əhatənizlə ünsiyyəti təmin edir. Üz, göz, çiyin dişlər, əllər, boğazı idarə edir. Psixoloji cəhətdən yanaşsaq, bu çakranın inkişafı nitq qabiliyyətinin gözəlliyinə xidmət edir. Vişudha bağlıdırsa, insan ya susqunluğa, ya da zəif ünsiyyətə meyl edəcək. Həddən artıq açıqlığı isə yorucu söhbətlərə, mübahisələrə meyil yaradır. Belə insanlarda piylənmə, diş xəstəlikləri, zob və digər hallar müşahidə olunacaq.

- Üçüncü gözümüz də var, səhv etmirəmsə...

- Bəli, növbəti çakra acnadır. Ona adətən üçüncü gözümüz deyirlər. Çünki gözlərimizin arasında yerləşir. Acnanın rəngi göydür. O, tac çakradan aldığı enerjini bütün bədənə ötürür. Həmçinin mərkəzi sinir sistemini idarə edir. Bu çakranın balansını qoruyaraq açılması intuisiyanı gücləndirir. Öncəgörmə bacarığı formalaşdırır. Amma bu çakranı həddən artıq açsanız, ətraf aləmlə qarışıqlıq, anlaşılmazlığa məhkum olacaqsınız. Acna bağlı olarsa, dünyada baş verənlərə, ətraf aləmə marağınız tam itəcək. İndi isə keçirik son və ən önəmli tac çakraya. Sahasrara adlanan bu çakranın rəngi bənövşəyidir. İşığı simvolizə edir. Bu insanın ilahi güclərlə ünsiyyətinə xidmət edən çakradır. Çünki biz mənən zənginləşdikcə sahasrara da bir o qədər açılır. Aydınlanmağımızı təmin edən bu çakranın rəmzinin işıq olması da təsadüfi deyil. İşıq çakramızı zorla, vaxtından öncə açmağa çalışsaq, şizofreniya və digər psixi xəstəliklərə düçar ola bilərik.

- Bu çakraları açmaq, balansda saxlamaq üçün isə meditasiyalar köməyimizə çatır?

- Doğrudur. Öncə hansı çakra ilə daha çox işləmək lazım olduğunu müəyyən etmək, daha sonra yoqanın köməyi ilə onu balanslaşdırmağa başlayırıq. Beləcə çakralarımız hamısı lazımi miqdarına düşür. Bu isə o deməkdir ki, həm əqli, həm fiziki, həm də mənəvi cəhətdən sağalmış oluruq. Enerji seli bədənimizə eyni miqdarda ötürüldükcə həm fiziki, həm də mənəvi ağrılardan can qurtarırıq. Daha iti və məntiqli düşünməyə başlayırıq. Qədim zamanlarda yoqanı kökləri, budaqları, yarpaqları, çiçək və meyvələri olan möcüzəvi ağaca bənzədərdilər. Amma məsələyə diqqətlə yönəlsək, həqiqətən də belədir.

- Bu sehrli ağacın gətirdiyi fövqəltəbii xoşbəxtlik də var. Yəni demək istədiyim odur ki, nirvananı bizə izah edin...

- Təsəvvür edin ki, çoxdan arzuladığınız səyahətə çıxmısınız. Xəyalı ilə yaşadığınız küçələrdə qayğısız gəzirsiniz. Havanı da bütün gücünüzlə ciyərinizə çəkirsiniz. Bu məqamda ən çox sevdiyiniz dondurmanı alıb yeyirsiniz. Üstəlik külək sevdiyiniz musiqini də qovub sizə gətirir. Baxın bu zirvə nirvanadır. Çünki xoşbəxtliyin üstünə xoşbəxtlik toplanır. İndi təsəvvür edin ki, dondurmanı yeyib doydunuz. Musiqinin sədası da kəsildi. Artıq bədəninizə dolan xoşbəxtliyin faizi də azalır. Həyat bütövlükdə bu eniş-yoxuşdan ibarətdir.

- Qəlbimizi qıranlar da enişlərdə daha çox fəallaşır...

- Əslində onları günahlandırmağa haqqımız yoxdur. İnsanlara olan sevgimizi, qayğımızı heç bir halda itirməməliyik. Sadəcə dediyim kimi dondurmadan doyduğumuz məqamlar olur. Həmin vaxt bizə durmadan dondurma təklif etsələr, əsəbləşib aqressiya göstərəcəyik. Odur ki, çalışmaq lazımdır nə dondurma təkid edən, nə də bu hala sərt reaksiya verən tərəf olaq. Vəziyyətin gərginləşəcəyini hiss edəndə bir müddət məkandan uzaqlaşın.

- Məsələn, ofisdə, gərgin iş qrafikində çalışanda...

- Əlbəttə.

- Bu durumda meditasiya köməyimizə çata bilər? Ümumiyyətlə, iş şəraitində meditasiya ilə harmoniyanı bərpa etmək mümkündür?

- Heç vaxt zaman azlığından şikayətlənməyin. İstənilən ofisdə işçilərə 1 saat nahar fasiləsi verilir, verilməlidir. Bu müddətin 15-20 dəqiqəsini ruhunuza həsr edin. Yaxşı olar ki, pəncərənin yanında əyləşəsiniz. Gözünüzü yumun. Həmin anda beyninizdə bəlkə də 100 fikir eyni anda dolaşa bilər. Sakitliyinizi, neytrallığınızı qoruyaraq o düşüncələri yarıya endirə bilərsiniz. Bu yolla saatlarla gözləmədən fikir tıxacından xilas olacaqsınız.

- Cəmiyyətdə elə fikir formalaşıb ki, hind xalqı uşaqdan böyüyə həm rəqs edir, həm oxuyur, həm də yoqa ilə məşğul olur. Bu stereotipi qıraq?

- (gülür) Bəli, Hindistan zəngin rəqsləri və mədəniyyəti ilə məşhurdur. Lakin deyə bilmərik ki, hər kəs yoqa ilə məşğuldur. Çünki dinlər fərqlidir. Hər din yoqanı qəbul etmir.

- Bu məqama da aydınlıq gətirək. Yoqanın dinlə əlaqəsi varmı?

- Təbii ki, yoxdur. Yoqa bədəni, ruhu, şüuru balanslaşdırıb özümüzlə harmoniyada olmağı təmin edir. Yoqa həyat tərzidir.

- Amma dinlər də bir növ bu missiyaya xidmət edir.

- Elədir. Lakin yoqa təbiətin, insanın özüdür. İnsanın təbiətin bir parçasına çevrilməyi, bu proses baş verərkən isə sağlamlığına qovuşmağıdır. Məsələn, yoqada kobra pozası var. Eynən kobra kimi uzanıb boynunuzu qaldırırsınız. Bu zaman həm kobra müdrikliyini duyub sakitləşir, həm də onurğa sütununuzdakı ağırlıqdan tədricən xilas olursunuz. Ümumiyyətlə, yoqa o qədər gözəl həyat tərzidir ki, sizi ağrılardan, artıq çəkidən qurtarır.

- Bir çox məşhurların xərçəngdən yoqa ilə qurtulduğunu eşitmişəm.

-Təbii ki, bu elə bir dünyadır ki, daxil oldunuzsa, ən ağır xəstəlikləri də bədəninizdən, beyninizdən qovacaq. Hamınıza harmoniya arzulayıram.

- Minnətdaram!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər