25 May 2019 09:24
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz yaxın günlərdə 60 yaşı tamam olan şair İlham Qəhrəmandır. O, çağdaş ədəbiyyatımızda folklordan və xalq dilindən qayanaqlanan maraqlı ictimai və lirik şeirlərin müəllifi kimi tanınır.

Teleqraf.com-un “Həyatdan suallar” rubrikasının suallarına verdiyi cavabları təqdim edirik.

- Həyatdan gözləntiniz nədir, keçən illər ərzində hədəflərinizə çata bildinizmi?

- Bildiyim odur ki, yazmaq qeybdən hökm kimi gəlir. Sən ondan qaça bilmirsən, ondan gizlənmək olmur, çünki o hiss özü sənin içində gizlənib. Əvvəl ram olursan, sonra isə sonu görünməyən səhrada intəhasız olaraq yollardasan. Başqa işlərdən qolun boşalır, əgər məcburi bir işin varsa, onu da könülsüz icra edirsən. Bu zaman əlində “həyatdan gözləntilər” adlı hazır bir proqram olmur. Qələm hara çəksə, ora da gedirsən.

Şeir yaradıcılığımla yanaşı folklor da məni özünə çox çəkir. Bu, sahibsiz qalmış mətnlərin toplamaq istəyinin gücüdür. Belə demək mümkünsə, bəzi başladığım işləri sona çatdırmışam. “Laçın folkloru”nu 6 ilə topladım. Daha sonra uzun müddət ərzində toplayıb tərtib etdiyim Sarı Aşığın “Gül dəftəri” kitabı nəşr olundu. Hazırda Aşıq Alının “Nə qaldı” kitabı çap prosesindədir. Kitabı toplayıb tərtib etməklə yanaşı, görkəmli aşığın bütün cinaslarını qurub şərh etmişəm.

İnşallah, kitab çıxanda nə toplayıb, nə tərtib etdiyimi görəcəksiniz. Eldar Baxışın da şeirlərini yığıb topalamışam. Bu kitabın da çapını görsəm arxayınlayaram.

- Tez-tez Təbrizə gedirsiz. Sizi ora nə çəkir?

- Yada salsaq ki, təxminən 30 il əvvəl belə bir şans heç bir yazıçı-şairimizə qismət olmadı, mənzərəyə bir qədər aydınlıq gələr. Vətənin ayrı düşmüş hissəsi bədənin amputasiya olmuş əzası kimidir – sən onu hiss edirsən, amma o yoxdur. Bu gün Qarabağla, Göyçəylə, Zəngəzurla, Dərbəndlə, Borçalıyla bağlı hisslərimiz elədir. Bir çox şairlərimizin Təbrizi görməkdən ötrü dodağı uçuqladı, amma bu onlara qismət olmadı. Bu mövzuda qarşılıqlı şeirlə məktublaşmalar oldu.

Şəxsən mən Güneyə yolların açılmasını Tanrının lütfü hesab edirəm. Təsəvvür elə, ilk dəfə çatmısan Təbrizə və sevgilisinə qovuşmuş aşiq kimi sevinirsən. Başlayırsan dəli kimi şəhəri gəzməyə… Hər yeri gözlərinə köçürməyə çalışırsan.

Qədim Təbriz bazarının yanması bizim həm əcdadlarımızın, həm də müasirlərimizin təxminən 8-10 əsrlik xatirəsinin kül olması deməkdir.

Təbrizdə çoxlu ədəbi məclislər, aşıqların cəmləşdiyi yerlər var. Əgər getdiyim vaxt hansısa məclisin toplantısıyla üst-üstə düşürsə, mütləq iştirak edirəm. O tayda şeirə, sözə maraq yaxşıdır. Şeir dedikcə doymaq bilmirlər. Yollar açıqdır, gediş-gəliş də ucuzdur. Darıxanda baş atıb qayıdıram. Kamil Vəliyə bir dəfə bu haqda danışanda dedi, gərək bazarlıq üçün də Təbrizə gedək. Bu həm də ədəbi əlaqələr üçün lazımdır. O taydan olan 20-dən çox şairin şeirlərini ərəb əlifbasından çevirib bu tayda çap etdirmişəm. Həm də Təbrizdə bu tay şairlərin şeirlərindən ibarət böyük bir antologiyanın tərtibi üçün şeir və bioqrafiyaları mən nizamlayıb göndərmişəm.

Artıq ədəbiyyatşünas dostum Rəsul İsmailian çap üçün icazə alıb. Sadəcə İranda kağız bahalaşdığı üçün bir qədər çap ləngiyir.

- Yazarlıqdan başqa gizli saxladığınız bir istedadınız varmı?

- Mənim ata-babam Nemət Laçının Sus və ətraf kəndlərində ən varlı adam olub. Keçən əsrin 30-cu illərində Zabux kolxozu babamın var-dövlətiylə qurulub. “Komsomol” kolxozunun qaytanlı kitabına var-dövləti kolxoza alınmış yeganə şəxs kimi babamın adı düşüb. Babam çox xeyirxah adam olub. Aclıq illərində ətraf kəndlərin camaatına və qonşu ermənilərə də əl tutub. Həmişə arzuladım ki, imkanım olaydı yetim-yesirə əl tutaydım. Amma bu arzum istək olaraq qaldı...

- Məlumdur ki, ölkədə yazıçılıqla, şairliklə dolanmaq, yaxşı pul qazanmaq mümkün deyil. Bu baxımdan, ədəbiyyat adamı üçün ən yaxşı, belə desək, yazmağa da vaxt ayıra biləcəyi iş nədir?

- Təəssüf ki, bu belədir. Bu gün ölkədə bütün ciddi yazarlar zamanın və cəmiyyətin ögey münasibətinin altını çəkirlər. Ancaq yaradıcı qurumlarda işləyənlərin bu sarıdan bəxti gətirib. İş yerində yazısını yazır, ayın başında da bilir ki, azdan-çoxdan maaşı var. Şəxsən mənim işim belə demək mümkünsə, şeytan fəhləliyidir. Bu mövzuda “Süfrə” adlı şeirim var. Dolayısıyla həmin şeir həm də sizin sualın cavabıdır:

Balalarımı unudub

şeirdən yapışanda

Gördüm balalarım

ətini yedi.

Şeiri buraxıb

balaları tutanda

şeir mənim

ətimi yedi.

- Ədəbiyyat adamlarının çox vaxt şikayət etdiyi bir məsələ də var: tənhalıq. Bu haqda müxtəlif fikirlər var. Yazarı insanlardan qaçıran, öz daxilinə qapayan şey nədir?

- Mən ədəbi aləmdə özümü yalquzaq kimi hiss edirəm və bundan heç vaxt şikayət etməmişəm. Belə demək mümkünsə, bu mənim idmimdi. Qrupbazlıqdan xoşum gəlmir, ona görə də heç bir qruplaşmaya qoşulmuram. Sualın ikinci tərəfinə gəlincə deyə bilərəm ki, yaradıcılıq mənə görə intim hadisədir. Yəni tənhalıq yaradıcı fərdin sanki boyuna biçilib. Düzü, bu zaman başqa yol da görmürəm.

Rəssam özüylə tək qalmalıdır ki, müşahidəsini, fantaziyasını, təxəyyülün köməyi ilə molbertə köçürsün. Eləcə də yazıçı daxildə özüylə söhbət edə-edə yazır. Söhbətdən kənara çıxıb bu məqamda bir fikrimi demək isdəyirəm – insan üçün həyatda iki şey həzz və ləzzət verir. Biri dadlı yemək, digəri isə əks cinsin nümayəndəsiylə münasibət. Mənim üçün bu sadalama üçdür – biri də şeir yazdığım andır. Şeir yazan zaman mən sonsuz həzz içində oluram.

- Belə bir məsələ də müzakirə olunur ki, ədəbiyyat adamı ailəli olmasa daha yaxşıdır. Sizcə, ailə yazara mane olurmu?

- Vallah, mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Desəm ki, ailə yazarın əl-qolunu bağlayır, bunun əksini sübut edən nümunələr də var. Amma ailəsinin yaradıcılığına, istedadına biganə olduğu yazıçı-şairlər də olub.

Bu da var ki, bəzi adamlar özünü ailə qayğılarının altına vermək istəmir. Keçirdiyi həyat-tərzi ifrat sərbəstliyə söykənir, mən bunu təqdir etmirəm. Ailə həm də məsuliyyət hissini itirməməkdir, bunu səndən tələb etməsələr də belə.

Özüm haqqında deyə bilərəm ki, ailə-məişət qayğıları yaradıcılıqla yola getməsə də, dözməkdən başqa çarə görmürəm. İçimdə qaçqınçılıq haqqında bir poema yazmaq istəyi var. Hərdən ürəyimdən təpir ki, gedim bu yazı üçün personaj ola biləcək adamları danışdırım, qeydlər edim. Amma imkanım yoxdur.

- Yazarı sənətin digər peşələrindən fərqləndirən özəllik nədir?

- Yazıçını başqalarından fərqləndirən əsas cəhətlər məncə bunlardır – uydurmaçılıq, sözdən söz almaq, yaxşıda pisi, pisdə yaxşını görmək qabliyyəti. Bundan başqa obrazlı danışıq və təzad yaratmaq bacarığı da yazarı başqalarından fərqləndirən özəlliklərdir.

- Belə bir fikir var ki, yazarda allahlıq iddiası – Allah olduğu düşüncəsi daha güclü olur. Bunu nə ilə izah edərdiniz?

- İstedad güclü faktordur. Gənc yaşlarda istedadlı olan şəxsin havalı vaxtları olur. Sevən gənclər haqqında el arasında belə bir deyim də var, “Filankəsin eşqi topuğuna vurub”. Belə deyimlər təxminən istedadlı gənclərin də halını izah edir. Məncə, burda qəribə heç nə yoxdur. Belə gəncin bu halını normal qarşılamaq lazımdır. Pis odur ki, adam havalı ola, havası çəkildikdə isə ortada heç nə qalmaya. Axı allahlıq iddiası həm də yaratmaq deməkdir. Yəni havalı vaxtı istedad yaradıcılıqla ortaya qoyulmursa, bu ona bənzəyir ki, ağac çiçək açır, bir müddət sonra çiçək tökülür, amma bar yoxdur. Adama deyərlər – zavala gəlmədinsə, barın hanı?!

- Sizi gələcəyə dair ən çox nə narahat edir?

- Azərbaycanın xəritəsinin Qarabağ tərəfdən daralması ehtimalı... Babaların əmanətini qoruya bilməməkdən doğan töhmət ağır töhmətdir. 200 ildir torpağı əynimizə geyinmək əvəzinə onu əynimizdən çıxarırıq. Qarabağ o qədər asan itirildi ki, düşmən çaş-baş qalmışdı. Ən dəhşətlisi isə o olar ki, düşmən onun olmayanın uğrunda qətiyyət göstərə, sən sənin olanın uğrunda kəmbahallıq edəsən.

- Özünüzdən sonra necə bir iz qoymaq istəyirsiniz?

- Hər halda şair adıma sədəmə dəyməsini istəmirəm. Sifətimi mümkün qədər qorumağa çalışıram. İzlə getməyi də xoşlamıram. Müəllif yazılarında özünə oxşamalıdır. Bu, yazıçı xoşbəxtliyidir. Yazdığım kitabları oxuyanlar dilimizi mümkün qədər qorumağa çalışdığımı biləcəklər. Əgər hər hansı bir oxucu mənim yazılarımda unudulmuş bir sözümüzə yerli-yerində həyat verdiyimə rast gəlib sevinəcəksə, bu mənim yazıçı mükafatım olar.

Yazmağın mənası məncə, həm də budur – bizə layla çalan dili qorumaq. Ölkə ədəbi cameəsində ciddi qələm adamlarının dinmədiyi, amma ağrıdığı bir məsələ var. Yazan çoxdur, dili bilən azdır. Paradoksal mənzərənin şahidiyik. Belə qüsurlu mətnlər mükafatlara layiq görülür.

- Həyatınızı dəyişdirmək gücünüz olsaydı, necə bir həyat yaşayardınız?

- Hər halda bir valideyn kimi öhdəmə düşən vəzifəni ürəyimcə icra edərdim.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər