25 May 2019 12:18
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləmişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra o, Azərbaycan milisində, SSRİ milisində işləyib. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilib. Ola bilsin, mən indi burada durduğum və yaxud kiminsə durduğu yerdə qətlə yetiriblər".

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən zaman deyib.

Mədət Quliyev daha sonra qeyd edib: "Mən bugünkü reallıqdan danışmaq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu hadisələr 30-40-cı illərdə baş verdi və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırcılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil.

Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı. Paytaxtı biz Heydər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi.

Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı.

Faktiki 4 iyun 1993-cü ildə Gəncədə xoşagəlməz hadisələr oldu, mən də şahidi oldum və belə bir anda xalqımız, qədirbilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər.

Bəlkə də o vaxtı hər cürətli adam Azərbaycana gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan qruplar idi və onların qarşısında məqsəd qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olunsun. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi.

Belə bir an Ulu Öndər öz ailəsini də, özünü də təhlükə altına qoydu, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qaytardı. Bu gün ba­nisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük.

Azərbaycanın hər cür təminatı var və ən əsası odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir.

Mən məlumatlar alıram, hər gün səhər mənə məruzələr olur, belə layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq.

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə, bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.

Xalqımız bu gün muzeydə gördüyümüz və yaşadığımız tarixin təkrar olunmaması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşməliyik, öz vəzifə borcumuzu məharətlə yerinə yetirməliyik, lazım olsa canımızdan da keçməyə hazır olmalıyıq".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər