Baş Prokurorluq Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində vəkil Orxan Kəngərliyə göstərilən təzyiq faktı ilə bağlı cinayət işi başlanması haqqında yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, cinayət işinin başlanması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Eldar Sultanov qeyd edib ki, Orxan Kəngərlinin şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda müvafiq araşdırma aparılır, araşdırmaların nəticəsi barədə müvafiq məlumat veriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb.
Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib. Bildirilib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.
Daha sonra bu iş üzrə Daxili İşlər Nazirinin 7 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric olunub. Şöbənin təhqiqatçısı Elnur Rəşidov vəzifədən azad edilib əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.