13 İyun 2019 17:00
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması” layihəsi çərçivəsində növbəti ictimai müzakirəni Sumqayıt şəhərində keçirib.

Teleqraf.com xəbər verir ki, ictimai müzakirədə rayon icra hakimiyyətinin nümayəndəsi, ictimaiyyətin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib.

Tədbirdə vətəndaş təhlükəsizliyi – fərdi hüquqlar və o hüquqlara qarşı qəsdin nəticəsində yaranan cəzalar, onların yaratdığı məhdudiyyətlər haqqında, internet resurslarının imkanları və bu imkanlardan istifadə qaydalarından söz açılıb.

Təşkilatın sədri Rəfail Becanov tədbiri açaraq həyata keçirilən layihənin məqsədindən və müzakirəyə çıxarılan mövzunun əhəmiyyətindən danışıb.

Layihənin eksperti, jurnalist Vilayət Muxtar isə çıxışında internetdə milli maraqlara, ölkənin imicinə zərər vuracaq fəaliyyətlərin həyata keçirildiyini, bunun yolverilməz olduğunu bildirib. Layihənin digər eksperti, AMEA-nın əməkdaşı Mehriban Sadıqova da çıxış edərək sosial şəbəkələrdə yayılan yanlış informasiyaların ictimai fikrə təsirindən danışıb.

Daha sonra Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri Səbinə Kərimova və digər QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri çıxış edərək mövzu ətrafında öz fikirlərini bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu