Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Afinada "Əli və Nino" filminin nümayişi keçirilib. Tədbirdə Yunanıstan Prezidentinin diplomatik xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının üzvləri, Yunanıstanın ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev sözügedən filmin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması uğrunda mübarizə və onun bolşevik işğalı nəticəsində süqutunun tarixini bədii şəkildə əks etdirdiyini, eyni zamanda, Azərbaycan cəmiyyətində keçmişdən bəri mövcud olan tolerantlıq, multikulturalizm ənənələrini göstərdiyini qeyd edib. Filmin nümayişinin Milli Qurtuluş Gününə həsr edilməsinin təsadüfi olmadığını bildirən diplomat 1991-ci ildə müstəqilliyini bərpa etdikdən iki il sonra respublikamızın suverenliyinin və müstəqilliyinin ciddi təhdidlərlə üzləşdiyini, bu çətin günlərdə xalqın çağırışına cavab verən ümummilli lider Heydər Əliyevin dövlətin və xalqın xilasının məsuliyyətini öz çiyinlərinə götürdüyünü qeyd edib. O, Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın müstəqilliyini qoruyaraq gündən-günə inkişaf etdiyini söyləyib.
Gürcüstanın Yunanıstandakı səfiri İosef Nanobaşvili çıxışında azərbaycanlı həmkarlarını diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təbrik edib. Səfir bu yubileyin qeyd edilməsi üçün "Əli və Nino" filminin nümayiş etdirilməsi ideyasının uğurlu seçim olduğunu, filmin həm də Azərbaycan və Gürcüstan arasında mövcud olan tarixi dostluq və qonşuluq münasibətlərinin, xalqlarımızın ortaq dəyərlərinin də nümayişi olduğunu bildirib.
"Əli və Nino" filmi iştirakçıların marağı ilə qarşılanıb.