9 Sentyabr 2014 18:27
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə daxil olan Məxsusi Bakının baş planında nəzərdə tutulur ki, şəhərin mərkəzində mövcud olan ali təhsil müəssisələri şəhərdən kənara köçürülsün.

Qeyd edək ki, Azərbaycanda 55 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onlardan 40-ı dövlətə məxsusdur. Azərbaycanın inzibati rayon və şəhərlər üzrə təhlilinə görə, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrindən 45-i Bakının payına düşür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bizimlə söhbətində bildirdi ki, ali məktəblərin köçürülməsi üçün 3 yer təklif olunur: Böyükşor gölünün yaxınlığı, Qaradağ rayonunda dəmir yolu xətti boyunca Xocasən və Zığ qəsəbələrinin yaxınlığı.

Bakının mərkəzindəki sıxlığı azaltmaq üçün tələbələr köçürülməlidir

Cahangir Qocayevin sözlərinə görə, “Böyük Bakının Regional İnkişaf Planı”na uyğun 3 ay müddətinə tədbirlər planı təsdiqlənməlidir. Onun fikrincə, həmin planda belə bir bənd nəzərdə tutla bilər ki, şəhərin mərkəzindəki sıxlığı azaltmaq üçün tədris müəssisələri, nazirlik və mərkəzi idarələr şəhərdən kənara köçürülsün. Komitə rəsmisi hesab edir ki, bu şəhərdə sıxlığın azalmasına, nəqliyyatın tıxacının aradan qaldırılmasına və təhsilin keyfiyyətinə müsbət təsir edər: “Hazırda paytaxtda yaranan nəqliyyat tıxaclarının əsas səbəbi fəal miqrasiya ilə bağlıdır və burada da əsas rolu tələbələr oynayır. Çünki hazırda tələbələr arasında da avtomobil idarəedənlər də çoxluq təşkil edir”.

İzdihamlı şəhər mühiti tələbəni tədrisdən yayındırır

Komitə rəsmisi təklif edir ki, ali təhsil müəssisələri ayrıca tələbə şəhərciklərində fəaliyyət göstərsin: “Məsələn, Qafqaz Universiteti bu baxımdan ən yaxşı nümunədir. Bu məsələ təkcə şəhər mühitinin sağlamlaşması ilə bağlı deyil, həm də pedaqoji məsələdir. Çünki şəhər mühiti tələbəni tədrisdən yayındırır. Çayxana, qəlyanxana olan yerdə kitabxana tələbənin yadına düşmür. Yaxud professor müəllimlik əvəzinə, sürücü problemləri ilə məşğuldur. Məşhur reklamda deyilir ki, sən qadınsan, qabyuyan deyilsən. Mən də deyirəm: professor elm, düşüncə adamıdır, sürücü deyil, yolda tıxac gərginliyi keçirən professor auditoriyada necə dərs tədris edə bilər?”.

“Təhsil Nazirliyi xüsusi proqram hazırlayıb, təklif verməlidir”

Cahangir Qocayev hesab edir ki, bu təklifin reallaşması üçün xüsusi təhsil proqramının yaradılmasına zərurət var: “Bunun üçün isə Təhsil Nazirliyi tərəfindən xüsusi proqram hazırlanmalıdır, təklif verilməlidir. Bu məsələdə Nəqliyyat Nazirliyinin də xüsusi rolu olmalıdır”.

Komitə rəsmisi onu da vurğuladı ki, hazırda Bakıda bəzi ali təhsil müəssisələrinin köçürülməsi faktiki olaraq mümkün deyil: “Məsələn, xəstəxanalar Tibb universitetinin praktiki təhsil müəssisəsidir. Gərək bundan sonra tikilən klinikalar şəhərdən kənarda tikilə ki, gələcəkdə bu məsələ reallaşa bilə. Yaxud Bakı Dövlət Universiteti Elmlər Akademiyası ilə sıx təmasda olan bir təhsil müəssisəsidir. Amma, məsələn, Neft Akademiyasının binasının 1970-ci ildən Dübəndiyə köçürülməsi təklif olunurdu. Bu tip universitetlərin köçürülməsi zərurəti xeyli müddətdir yaranıb. Amma indi Neft Akademiyasının Dübındiyə köçürülməsi bu, mümkün deyil, çünki Abşeron rayonunda əhali sıxlığı artıb. Qaradağ rayonunda isə hər hektara 1 nəfər düşür”.

Qeyd edək ki, iqtisadçı Rövşən Ağayev hələ bir neçə il öncə ali məktəblərin regionlara köçürülməsini təklif etmişdi. İqtisadçının fikrincə, bu həm demoqrafik, həm də regionların iqtisadi inkişafı baxımdan əhəmiyyətlidir
Cahangir Qocayev isə bildirdi ki, ali məktəblərin regionlarda da xüsusi şəhərciklərdə fəaliyyəti məqsədəuyğundur: “Mən neçə illərdi təklif edirdim ki, qiyabi və axşam şöbəsi təhsili rayonlarda olsun, o zaman Bakıya axın azalardı. Hazırda regionlarda – Lənkəranda, Mingəçevirdə, Gəncə, Ağcabədi, Şəki və sair rayonlarımızda ali məktəblər fəaliyyət göstərir. Əlbəttə ali məktəblərin regionlarda fəaliyyəti regionların inkişafı deməkdir. Amma regionlarda da ali məktəblər şəhərin mərkəzində olmamalıdır. Bir 30 il sonra Bakıdakı eyni vəziyyət Mingəçevirdə də yaşana bilər”.

“Bundan dövlət də qazanar, xalq da”

Təhsil eksperti Məhərrəm Zülfüqarlı da hesab edir ki, ali məktəblərin şəhərdən kənara köçürülməsi həm təhsilin inkişafına, həm də şəhəri artıq yükdən xilas etməyə kömək edər: “Bu ənənə dünya praktikasında da var: kampus şəklində universitet şəhərcikləri salınır və orada müəllimlər və tələbələr yaşayır, həm də tələbələrə təhsil verilir. Bu təklifin reallaşması çox müsbət əhəmiyyət daşıya bilər. Bilirik ki, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı üçün Xırdalan ərazisində bina tikilir. Gələcəkdə bu ənənəni davam etdirmək yaxşı olardı. Əvvəl belə bir fikir vardı ki, Qobuda belə şəhərcik tikiləcək, amma nədənsə bu söz olaraq qaldı. Amma belə bir məsələ reallaşsa bundan həm dövlət qazanar, həm də xalq”.

İqtisadçı Vüqar Bayramov isə bildirir ki, Azərbaycan ali məktəblərinin hər birində orta hesabla 18 min tələbə təhsil alır. Köçürülmə isə 100 mindən artıq tələbənin Bakı ətrafında təhsil almasına gətirib çıxaracaq. Bu isə eyni zamanda Bakı ətrafının inkişafına, xidmət sektorunun, mənzil bazarının genişlənməsi, bir sözlə o ərazinin iqtisadi inkişafı deməkdir: “Digər əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, universitetlərin paytaxtdan kənara köçürülməsi kampusların yaranmasına gətirib çıxaracaq. Azərbaycan universitetlərinin bu gün faktiki olaraq kampusları yoxdur və bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Məhərrəm Zülfüqarlı bildirdi ki, nəinki ali məktəblərin, nazirliklərin də şəhərdən kənara köçürülməsi vacibdir.

“Bakıdakı universitetlər köçürülməlidir”

İqtisadçı onu da xüsusi olaraq vurğuladı ki, Amerika Birləşmiş Ştatlarının ən yaxşı ali məktəblərini top onluğuna düşən universitetlərin əksəriyyəti kiçik şəhərlərdə yerləşir: “Ali məktəblərin paytaxtda yerləşməsi faktiki olaraq paytaxt şəhərlərin iflic olmasına gətirib çıxarır”.

İqtisadçı bəzi ali məktəblərin şəhərdən kənara köçürülməsini məqbul hesab etmir: “Proses başlanan zaman əlbəttə ki, öncə köçürülməsi daha zəruri olan universitetlərdən başlanacaq. Əsas olan bu prosesə başlanılmasıdır və yəqin ki, 90 faiz universitetlərin köçürülməsi zərurəti var. Bakı Dövlət Universitetinin köçürülməsi məqsədəuyğun deyil, ən azından bu universitetin adında “Bakı” sözü var”.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən sorğumuza cavabda bildirilir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur: “Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər