10 Sentyabr 2014 15:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarının sakinləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 40-dək vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər.

Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə muzeylərin yaradılması, el sənətkarlığının inkişafına, mədəni irsin təbliğinə, xatirə tədbirlərinin keçirilməsinə, turizmlə bağlı təşəbbüslərə köməklik göstərilməsi, eləcə də işlə təmin olunma və digər sosial məsələlərlə bağlı olub.

Bir sıra konkret təklif və təşəbbüslər də diqqətə çatdırılıb. Qəbələ rayonunda xalq sənətkarlarının xaricdə sərgilərdə iştirakına, Oğuz rayonunun Baş Daşağıl kəndində xalçaçılığın inkişafı üçün avadanlığın alınmasına, Şamaxı rayonunun Dəmirçi kəndində qədim məscidin bərpasına köməklik göstərilməsi xahiş edilib. Qədim Qəbələ şəhərinin tarixi və Qəbələ tarix-mədəniyyət qoruğu ərazisində aparılan arxeoloji tədqiqatlarla bağlı konfransın keçirilməsi təklifi də səsləndirilib.

Nazir həmçinin vətəndaşların İsmayıllı və Oğuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri üçün yeni binanın tikilməsi, Şamaxıda etnoqrafiya muzeyinin yaradılması, Oğuz şəhərində rəsm qalereyasının açılması barədə xahişlərini dinləyib. Qobustanda Aşıq Xanışın xatirəsinin əbədiləşdirilməsi, Qəbələ xalq teatrına "dram teatrı" statusunun verilməsi barədə müraciətlər edilib.

Regionlarda turizmin inkişafı ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Qədim Ağsu şəhər yerində yaradılmış arxeoloji muzey kompleksinin turizm marşrutuna daxil edilməsi, Qobustan rayonunda turizm kollecinin açılması barədə xahiş və təşəbbüslər səslənib.

Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini qeyd edib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği ilə maraqlı təkliflərin olduğunu qeyd edən nazir vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirib, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini deyib. Nazir qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxılacağını və həllinə köməklik edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını deyib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər