22 İyul 2019 17:51
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi:

“Ulu öndərin imzaladığı fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir”.

H.Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü:

“İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı ilə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” Nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi addım idi. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi”.

Baş redaktor qeyd edib ki, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı:

“Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş – “KİV haqqında” qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Beləliklə, 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər