23 İyul 2019 14:48
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan turizm sahəsində lider ölkələrdən geri qalmır. Buna baxmayaraq, Cənubi Qafqazda bu sahədə qabaqcıl Gürcüstandır. Turistləri Gürcüstana ən çox cəlb edən isə orada olan kozinolardır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycana turist axını günbəgün artır. Bu, Azərbaycanın bu sahəyə önəm verməsindən irəli gəlir. Bu istiqamətdə atılan addımlar müsbət məcrada davam edir. Nəticə olaraq, qısa zamanda, Azərbaycan regionun turist ölkələri siyahısında liderliyi ələ alacaq:

“Son illər Azərbaycana müxtəlif ölkələrdən turist axını baş verir. Bu,qeyri-neft sektorunun inkişafının göstəricisidir.Azərbaycan bunun üçün illərdir inkişaf tendensiyaları həyata keçirir.

Azərbaycana ən çox ərəb ölkələrindən turist gəlişi kəskin artır. Ölkəyə ən çox Birləşmiş Ərəb Əmirliklərindən turist gəlir.

Buna səbəb Azərbaycanın maraqlı, zəngin təbiətidir. Bununla yanaşı, həmin ölkələrlə Azərbaycan arasında asanlaşdırılmış vizanın və birbaşa uçuş rejiminin tətbiqi də qeyd edilməlidir. Yəni gələn turist çətinlik çəkmədən ölkəyə daxil ola bilir”.

Bəs Azərbaycandan xaricə üz tutanlar hansı ölkələri seçir? Nahid Bağırovun sözlərinə görə, azərbaycanlılar ən çox Türkiyə, Gürcüstan və Ukraynaya üz tutur:

“Dünya Turizm Təşkilatının konvensiyasında da öz ölkəsindən bir gündən artıq kənarda qalan insanın turist kimi tanınması qeydə alınıb. Ona görə də, turistlərin sayı statistik rəqəmlərlə üst-üstə düşməyə bilər. Yəni bu nisbətin bizə təqdim edilən nəticələrdən çox olma ehtimalı var”.

Nahid Bağırov bildirib ki, Cənubi Qafqaz regionunda Gürcüstanda turizm sahəsinin inkişafı üçün müəyyən islahatların keçirilməsi turist sayının artımında əsas rol oynayır. Bu ölkədə də birbaşa uçuşların təşkili, bir sıra dövlətlərlə viza rejimin aradan qaldırılması turistlər üçün göydəndüşmə imkandır.

Nahid Bağırov Azərbaycanın bu sahədə liderliyə nail olmaq üçün bazarın araşdırılmasını, qonşu ölkələrdən gələnlərin maraqlarına uyğun sistemin formalaşdırılmasını vacib sayır.

Dövlət Turizm Agentliyindən məlumata görə, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub. Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistanından gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.


Müəllif: İmamət İsmayılova