Şamaxı rayonunun Çöl Göylər kəndində qaz xəttinin çəkilişi başa çatsa da, evlərə “mavi yanacağ”ın verilməsi ləngidilir. Məlumatlara görə, “Azəriqaz” İstehsalat Birliyi işin nəticəsindən narazıdır və onu təhvil götürmək istəmir. Kənddə yerin üstü ilə çəkilmiş qaz xəttinə aid boruları bəzi yerlərdə külək uçurub.
Məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Teleqraf.com-a açıqlama verib:
“Ölkədə bəzi bölgələrin “mavi yanacaq”la təminatı üçün 2019-cu ilin Regionlarda Qazlaşdırma Proqramı həyata keçirilir. Şamaxının Çöl Göylər kəndi də bu proqramda əksini tapıb. Bu ərazinin “mavi yanacaq”la təminatı üçün Azərbaycan Respublikası Dövlət Büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 53 milyon 500 min manat məbləğində vəsait ayrılıb.
Bu ərazi ilə yanaşı, Azərbaycanın digər bölgələrinin qazla təminatı qarşıda duran əsas vəzifələrdəndir.
Çöl Göylər kəndinə qaz çəkilib. İşlər tamamlanıb. Sadəcə istismara qəbul mərhələsindədir. Buna görə də o bölgəyə qaz verilməsi gecikir. Təkrar yoxlanışdan sonra bölgə qazla təmin olunacaq. İlin sonuna qədər cədvəl üzrə razılaşdırılma əsasında sadə yoxlanış keçirilməklə “mavi yanacağ”ın verilməsi baş tutacaq”.
Ceyhun Səfərov həmçinin bəzi bölgələrdə qaz xəttlərinin yerüstü və ya yeraltı çəkilməsinə belə aydınlıq gətirib:
“Qaz xətlərinin yerüstü və yerin altından çəkilməsinə gəlincə, hər hansı bölgəyə qaz xəttlərinin çəkilməsi üçün oranın coğrafi mövqeyindən asılı olaraq layihə işlənilir. Layihə “Azəriqaz” İstehsalat Birliyi ilə yanaşı, bir neçə başqa müvafiq təşkilatlarla da razılaşdırılır.
Mütəxəssislərin ümumi rəyi əsasında qaz xəttinin yeraltı və yerüstü olmasına qərar verilir”.