“Altı ildir İrəvan Dövlət Teatrında aktrisa işləyirəm. İftixar Piriyev isə artıq iyirmi ildir İrəvan Dövlət teatrının direktorudur. Çalışdığım illər ərzində onunla münasibətlərimizdə heç bir problem olmayıb. Amma son vaxtlar onun bəzi işçiləri haqsız yerə işdən kənarlaşdırmağı mənim onları müdafiə etməyimə səbəb olurdu. Bu da onun xoşuna gəlmirdi”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında İrəvan Dövlət Teatrının aktrisası Şəbnəm Cəbrayılova bildirib.
Aktrisanin sözlərinə görə, İftixar Piriyev ondan işdən çıxarmaq istədiyi işçilərin sənədlərinə qol çəkməyi, onları müdafiə etməməyi istəyirmiş: “Mən bundan imtina etdim. Sonda İftixar Piriyev mənim əmək kitabçama bir daha başqa yerdə işlə təmin oluna bilməməyim üçün qeyd vurdu.
O məni hamilə vəziyyətdə müxtəlif qastrollarda iştiraka məcbur edirdi. Mənsə səhhətimlə bağlı qastrollara getmək istəmirdim. Səhhətimdə narahatlıq olduğunu, hamilə qaldığımı ona desəm də məhəl qoymurdu. Ya qastrollarda iştirak etməliydim, ya da məlum vəziyyətlə üzləşməli idim”.
Aktrisanın fikrincə, İftixar Piriyev onu işdən çıxarmaq üçün onunla belə sərt davranırmış.
Aktrisa bildirib ki,Teatr Həmkarlar Komitəsinin sədri aktyor Natiq Həziyev ondan öz ərizəsi ilə işdən çıxmağı və həkimlərdən sənəd gətirməyi tələb edib:
“Natiq Həziyevin savadı olmasa da hazırda Teatr Həmkarlar Komitəsinin sədri vəzifəsini icra edir. Onun tələbləri çox gülməli idi. Məndən həm həkimdən sənəd gətirməyi, həm də öz xahişimlə ərizə yazıb işdən çıxmağımı tələb edirdi. Mənə söz vermişdi ki, müdirdən xahiş etsən, səni yenidən işə qaytararıq”.
Aktrisa Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyini bildirib: “Onların davranışları səbəbindən keçirdiyim əsəb gərginliyi körpəmin itirilməsi ilə nəticələndi. Binəqədi Rayon Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid edirəm”.
Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.