15 Sentyabr 2014 12:24
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibətilə müəllimləri, tələbə və şagirdləri, eləcə də valideynləri təbrik edib.

Teleqraf.com-un məlumatına görə, nazirin təbrikində deyilir:

"Bu gün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu, həyəcan və xəyalları ilə gələcəyə baxdığımız Bilik Günüdür. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.

Adı “Bilik günü” kimi qeyd olunan bu gün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır.

Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.

Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.

P.S. Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinifə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm!"


Müəllif:

Oxşar xəbərlər