15 Sentyabr 2014 15:17
3 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

TQDK sədri Məleykə Abbaszadə: “Bu ali məktəb reytinq cədvəlində I yer qazanıb”

Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, bir çox dövlət rəsmilərinin, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Ümummilli lider Heydər Əliyevin Bakı Ali Neft Məktəbində yerləşən büstünü ziyarətlə başlayıb.

BANM-n mətbuat xidmətindən tədbiri giriş nitqi ilə açan rektor Elmar Qasımov kollektiv adından tədbirdə iştirak edən qonaqlara dəvətlərini qəbul etdikləri üçün öz minnətdarlığını bildirib. Daha sonra E.Qasımov 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış abituriyentləri və bu ali təhsil müəssisəsində təhsil alan, semestr imtahanlarından uğurlu nəticələr əldə edən tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib. BANM-in qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirib ki, cəmi 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, əldə etdiyi yüksək nəticələrə əsasən Bakı Ali Neft Məktəbi ali təhsil ocaqları arasında lider olub.

BANM-in tələbə qəbuluna başladığı ildən bu günə qədər qəbul elan etdiyi ixtisaslar üzrə nəticələr haqqında məlumat verən E.Qasımov vurğulayıb ki, 2012/2013-cü tədris ilində bu ali təhsil ocağına qəbul üzrə orta keçid balı 631, 2013/2014-cü tədris ilində 656, 2014/2015-ci tədris ilində isə bu göstərici 668 bal olub və məhz builki nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici olan nəticə olub.

O, qeyd edib ki, bu yüksələn göstərici prezident İlham Əliyevin sərəncamı ilə hər il yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrə verilən prezident təqaüdlərində də özünü göstərir. O bildirib ki, 2012/2013-cü tədris ilində BANM-ə qəbul olunan abituriyetlərin 11-i , 2013/2014-cü tədris ilində 15-i, 2014/2015-ci tədris ilində isə 17-si prezident təqaüdünə layiq görülüb.

Daha sonra Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini qeyd edən E.Qasımov bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsinin olduqca önəmli məsələ olduğunu vurğulayıb. O, prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının Bakı Ali Neft Məktəbinin timsalında nümunə olduğunu bildirib.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri “Bilik Günü” münasibəti ilə təbrik edib. Ölkə başçısının imzaladığı 29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən R.Abdullayev qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirib. O, qeyd edib ki, Azərbaycanda aparılan yüksək quruculuq işləri günü-gündən inkişaf edən ölkəmizi regionun lider dövlətinə çevirib. R.Abdullayev Bakı Ali Neft Məktəbinin yaradılmasında da başlıca məqsədin məhz Avropanın enerji təhlükəsizliyində və regionun inkşafında böyük rol oynayan Azərbaycan dövlətinin və xalqının rifahını daha da gücləndirmək üçün müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı kadrları yetişdirmək olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbinin tələbələrini test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və bu ali məktəbin tələbələri adını qazandıqlarına görə təbrik edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, onların daxil olduqları ali məktəb yeni yaranmasına baxmayaraq, ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olub. O vurğulayıb ki, bu il də BANM çox böyük nəticələr əldə edib. O bildirib ki, 2014/2015-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 673, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 660, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 bal olub. İxtisaslar üzrə orta ballar uyğun olaraq 684, 671 və 657, ümumiyyətlə ali məktəb üzrə 668 bal olub. Bunun yüksək nailiyyət olduğunu bildirən Məleykə Abbaszadə eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib. Sonra tələbələrə dərslərində uğurlar arzu edərək bildirib ki, dövlətimiz tərəfindən onlar üçün yaradılan əlverişli şərait ali biliklərə yiyələnərək dinamik inkişaf edən ölkəmizin quruculuq işlərinə öz töhfələrini verməyə imkan yaradacaq.

Tədbirdə iştirak edən Böyük Britaniyanını Heriot-Vatt Universitetinin “Neft Mühəndisliyi” İnstitutunun professoru Con Ford BANM ilə mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluq hissləri keçirdiyini ifadə edib, yaradılmış infrastruktur imkanlarını, kadr potensialını və tələbə kontingentini yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, BANM-də yaradılan şərait və imkanlar, mövcud kadr potensialı heç də xarici universitetlərdən aşağı deyil.

O, Bakı Ali Neft Məktəbinin tələbələrinin semestr imtahanlarından topladıqları nəticələrlə Heriot –Vatt Universitetinin eyni ixtisas üzrə təhsil alan tələbələrinin imtahan nəticələrini müqayisə edərək bildirmişdir ki, eyni tədris proqramları, eyni dərs vəsaitləri üzərində təhsil aldıqlarına baxmayaraq, imtahanların nəticələri göstərmişdir ki, Bakı Ali Neft Məktəbinin tələbələri Heriot- Vatt Universitetinin tələbələrindən yüksək nəticələr əldə ediblər. Bu nəticə isə Bakı Ali Neft Məktəbində tədrisə , onun keyfiyyətinə və nizam intizama verilən ən yüksək diqqətinin nəticəsidir.

Tədbirdə çıxış edən BANM-nin “kimya mühəndisliyi” ixtisasına 690 bal toplayaraq qəbul olunmuş, prezident təqaüdçüsü İbrahim Şərifov və 687 bal toplayaraq BANM-in “neft-qaz mühəndisliyi” ixtisasına qəbul olunmuş və prezident təqaüdünə layiq görülmüş Ayaz Şərifov qardaşlarının atası Araz Şərifov, 76 saylı orta məktəbin fizika-riyaziyyat müəllimi Esmira Bəkirova, BANM-in 3-cü kurs tələbəsi Kamran Əliyev, 2-ci kurs tələbəsi Emilya Məmmədova və 700 bal toplayaraq BANM-in “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olunmuş Eltun İbrahimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürlərini bildiriblər.

Çıxış edən tələbələr Bakı Ali Neft Məktəbinin tələbəsi olduqlarından məmnunluq hissi keçirdiklərini ifadə ediblər və onların yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrini təqdim edib, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletləri təqdim olunub.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər