Bakıda keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) rəsmi açılış mərasimi olub.
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təhsil naziri Ceyhun Bayramov və 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edir.
Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub.
Məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq.
Bu məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer və qiymətləndirmə sahəsində digər alimlərin, tədqiqatçıların, həmçinin yerli mütəxəssislərin iştirakı gözlənilir.
Qeyd edək ki, rəsmi açılış mərasimindən sonra konfrans bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək.
Konfransın sonuncu günü, sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçiriləcək.
Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.
Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.