Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə kolleclərdə qanunsuz tələbə qəbulu halların yoxlanılması məqsədilə birgə işçi komissiya yaradıb.
Teleqraf.com Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində antikorrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı bir sıra məlumatlar yer alıb.
Bu məlumatlarda hüquqa zidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır:
“Bildiririk ki, istər birinci, istərsə də ikinci hal Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilib və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilib. Həmçinin, Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiya yaradıb. Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin daha düzgün məlumatlandırılması, şəffaflıq və qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq istinad edilməsini təqdir edir”.