2 Noyabr 2019 19:45
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin təşəbbüsü ilə aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş "Şəhidlik ölümsüzlükdür" adlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbir "Bənövşə" uşaq xorunun müşayiəti ilə şəhidimizin üç övladının dövlət himnini səsləndirməsi ilə başlayıb.

Vüqar Yusifovun atası Nurəddin Yusifov Qarabağın tezliklə işğaldan azad olunmasını arzuladığını bildirib: "Günü sabah Qarabağa yürüş başlasa, öndə özüm getməyə hazıram. Torpaqlarımızı bir gecədə geri qaytarmaq əzminə malikik. Silahsız, əlimizdə bel Qarabağa gedib erməniləri quyularda basdırmaq lazımdır ki, Yer kürəsində cücərməsinlər. Azərbaycan bayrağının Qarabağda dalğalandırdığını görmək istəyirəm".

Daha sonra "Vüqarlı dağlar" sənədli filmi nümayiş etdirilib.

Filmin layihə rəhbəri Ağgül Əhmədova qeyd edib ki, Vüqar Yusifov kimi qəhrəmanlarımız dünyada tanınmalıdır. Onun sözlərinə görə, Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilmiş "Vüqarlı dağlar" filmi ingilis dilində alt yazı ilə yayılacaq: "Filmin çəkilişi zamanı balaca Yusifin sözləri bizi çox təsirləndirirdi. "Şəklimizi atama göstərəcəyəm, nə zaman gələcək" sualları bizi sarsıdırdı".

Rejissor Röyal Əliyev Vüqar Yusifovun nümunəvi şagird olmasına rəğmən, filmdə dərsə gecikməsi səhnəsini məxsusi olaraq çəkdiklərini deyib:

"Şəhidimizin müəllimi israrla qeyd edirdi ki, axı Vüqar Yusifov elə şagird idi, heç vaxt dərsə gecikməzdi. Əslində biz mesaj ötürmək istəyirdik, qumbaranın açılmasına gec qalsaydı, hər şey bəlkə başqa cür olardı".

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva qeyd edib ki, sabit ölkədə yaşamağımızı torpaq uğrunda canını fəda edən şəhidlərimizə borcluyuq: "Bu cür mərd oğul yetişdirdikıəri üçün Vüqar Yusifovun valideynləri qarşısında baş əyirik. Onun qəhrəmanlıqla dolu həyatı xalqımız üçün örnəkdir. Torpaq uğrunda ölən varsa, vətəndir. Övadlarımızı məhz bu ruhda böyütməliyik. Mübariz İbrahimov, Vüqar Yusifov kimi oğullar sayəsində ayaqdayıq. Hamımız bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşməli, əsas amalımız torpaqlarımıza qayıtmaq, Şuşada bayrağımızı dalğalandırmaq olmalıdır. Böyük qayıdışa hazırlaşmalı, o günü sədaqətli xidmətimizlə yaxınlaşdırmalıyıq".

Millət vəkili Fazil Mustafanın fikrincə, Qarabağ savaşının iştirakçıları və seyrçiləri kimi iki cinah ayrılıb ki, şəhidlərimizin həyat yoldaşları da iştirakçılar sırasındadır: "Məmurdan tutmuş, tələbə, tikintidə işləyən fəhləyə qədər Qarabağ prosesində hansı töhfə verəcəyimizi, necə iştirakçıya çevrilə biləcəyimizi düşünməliyik. Savaşı ancaq döyüşçü aparmır, bütövlükdə xalq aparır. Birliyə çevrildiyimiz vaxt problemlərimiz olmayacaq. Dünyada 50 milyona yaxın azərbaycanlıyıq, 5-6 milyon erməninin qarşısında işğalla barışası xalq deyilik. Dünyanın aparıcı universitetlərində təhsil alıb peşəkar mütəxəssisə çevriləndən, hərbi texnikanı özümüz istehsal edəndən sonra məğlub olmağımıza əsas olmayacaq. Hamımız funksiyamızı Qarabağda iştirakçılığa gətirib çıxara bilsək, bu savaşı udacağıq".

Deputat Adil Əliyevin sözlərinə görə, o vaxt şad olacaq ki, torpaqlarımızı geri qaytaracağıq, məcburi köçkün və qaçqınlarımız dədə-baba yurdlarına dönəcək, beynəlxalq təşkilatlar tərəfindən köçkünlərimizə maddi və mənəvi ziyanın ödənilməsinə nail olacağıq:

"Torpaqlarımız geri qayıtmayana qədər Azərbaycan vətəndaşlarına rahatlıq olmayacaq. İnsanlarımızın 5-10 faizi qazilərimizlə, kimsəsiz ailələrlə maraqlanırlar. Tədbirlərdə eyni simaları görürük, bu da bizi narahat edir. Bu cür tədbirlərdə çoxlu sayda vətəndaşlarımızı görməliyik. Şəhid atası öz oğlunu bostanını qorunmağa görə şəhid verməyib, o, hər birimizin şəhididir. Təfəkkürümüz dəyişməyənə qədər əziyyət çəkəcəyik. Bizim xilasımız istedadlı gənclərdədir. Vətənpərvər övladlar yetişdirməli, onların mənəvi və fiziki hazırlığında iştirak etməliyik. Şəhid ailələrinin yarasına maddiyyatla məlhəm çəkmək mümkün deyil, onlara diqqət, nəvaziş lazımdır. Dövlətimiz əlindən gələni edir, lakin biz kifayətlənməməliyik. Öz münasibətimizlə o insanları uca tutmalıyıq".

Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, çox çəkməyəcək Vüqar Yusifovdan ilham alan gənclər torpaqlarımızı işğaldan azad edəcəklər: "Azərbaycan əsgərinə eşq olsun".

Deputat Sona Əliyeva deyib ki, Vüqar Yusifovun ailəsi ilə ünsiyyət onun necə böyük insan olduğunu göstərir: "Bu gün onların qanı ilə yoğrulan torpaq var ki, biz də varıq. Torpağı bu günə qədər daşıyanların haqqı üzərimizdədir".

"Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə bildirib ki, hər bir müəssisədə qəhrəmanlarımız tanıdılmalı, hər kəs onlara hörmət etməlidir: "Cəmiyyətin nəbzini yoxlamaq istədik, bu tədbir barədə elan vermədik, internetdə ümumi məlumat paylaşdıq, amma o qədər zənglər gəldi ki? Birlikdə olsaq, Qarabağımızı istəməyimizə haqqımız olacaq".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər