Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə yeni vəzifə verilib.
O, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.
Xatırladaq ki, A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.
O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.
A.Əhmədzadə Azərbaycanım neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub.
O, Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb./Report/