19 Noyabr 13:50

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisə səfəri çərçivəsində Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşmüşdür.

Teleqraf.com-un məlumatına görə, Kubanın Mədəniyyət naziri Alpidio Alonso Grau ilə keçirilən görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın sədri kimi Mədəniyyət Nazirliyinin Azərbaycan ilə Kuba arasında yalnız mədəniyyət sahəsində deyil, digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir. Nazir, Komissiyanın sədri qismində Kubaya iki dəfə səfər etdiyini və səfərlər zamanı Kuba rəhbərliyi ilə iki ölkə arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığını bildirmişdir. Eyni zamanda nazir Kubada Azərbaycan mədəniyyət günlərinin keçirildiyini qeyd etmiş və bildirmişdir ki, hələ Sovet dövründə Azərbaycan ilə Kuba arasında təhsil, idman, mədəniyyət, tibb sahələrində əlaqələr yüksək səviyyədə inkişaf etmişdir.

Kubanın Mədəniyyət naziri görüş üçün öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu yaxınlarda Kubanın prezidenti Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü iştirak məqsədilə səfərdə olmuşdur və Bakıdan çox gözəl təəssüratlarla qayıtmış, səfərdən sonra Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz tapşırıqlarını vermişdir. Kuba Mədəniyyət naziri bu məqsədilə iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi üçün mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi və fəaliyyət proqramının hazırlanmasının faydalı olacağını da qeyd etmişdir.

Nazir Əbülfəs Qarayev bu sahədə böyük təcrübənin olduğunu və müvafiq sənədlərin ilkin layihələrinin qısa müddət ərzində Kuba tərəfindən göndəriləcəyini bildirmişdir.

Sonda nazir Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində və Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında göstərilən dəstəyə görə Kuba tərəfinə təşəkkürünü bildirmişdir.

Daha sonra Bəhreynin Mədəniyyət naziri Şeixa Mai bint Mohamed Əl-Xəlifə ilə görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Nazir Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycanın 2018-2019-cu illər üzrə Ümumdünya İrs Komitəsinə sədrlik edəcəyi Komitənin Bəhreyndə keçirilmiş 42-ci sessiyası zamanı qərara alınmışdır. Nazir, həmçinin Bəhreyn tərəfinin Bakıda keçirilən sessiya zamanı Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində dəstək göstərdiyini qeyd edərək qarşı tərəfə təşəkkürünü bildirmişdir.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi də müzakirə edilmişdir.

Nazir Əbülfəs Qarayev Bəhreynin Muhərrəq şəhərinin UNESKO-nun Yaradıcı şəhərlər Proqramına daxil edilməsi münasibətilə həmkarını təbrik etmiş və Bakı şəhərinin də bu proqrama daxil edildiyini və bunun iki şəhər arasında əməkdaşlığın inkişafı üçün platforma olacağını qeyd etmişdir.


Müəllif: Teleqraf.com