21 Noyabr 2019 14:00
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Seyran Səxavət Fazil Mustafanın ədəbiyyat, sənət haqqındakı tənqidi fikirlərinə sərt reaksiya verib. O, mediaya açıqlamasında bunları deyib: “Ədəbiyyatımızın bu günü çox möhtəşəmdir. Fazil Mustafaya mənim hörmətim var. Görünür, o, Azərbaycan ədəbiyyatı ilə əslində tanış deyil. Adicə bir şey deyim, mən Fazil Mustafa ilə müzakirə edə bilərəm, Seyran Səxavətin 9 romanı var, onun birini belə oxumayıbsa, o nə bilir Azərbaycan ədəbiyyatında elitarlıq hansı dərəcədədir? Oxumaya-oxumaya, bələd olmayaraq, ədəbiyyatı görməyə-görməyə onun əzəməti haqqında bir söz demək olarmı? Deputatların nə dediyinə fikir verməyin, yazıçıların və istedadlı oxucuların dediklərinə fikir verin”.

Telqraf.com xəbər verir ki, millət vəkili Fazil Mustafa Seyran Səxavətin sərt reaksiyasına belə münasibət bildirib: “Hörmətli ağsaqqal yazıçımız Seyran Səxavət aşağıda paylaşdığım linkdə qeyd olunduğu kimi şəxsimizə sərt cavab deyil, sadəcə uyğunsuz cavab verib.

Demişəm ki, Azərbaycanda ədəbiyyatın, sənətin, elmin elitarlığı çöküb. Zövq alacağın tədbirlərin sayı azdır, müzakirə mühiti yoxdur.

Hörmət bəslədiyim dəyərli yazıçımız Seyran Səxavət heç dəxli olmayan bir cavab verib ki, bəs sən mənim 9 romanımı oxumamısansa, haradan bilirsən elitarlıq çöküb? Mən axı söyləməmişəm ki, kim pis əsər yazır, kim yaxşı yazır. Yaxud elitarlığın etalonu hansı yazardır... Sadəcə elitar müzakirə mühiti olmamasından danışmışam.

Dəyərli əsərin səviyyəli müzakirə, nümayiş mühiti olmalıdır. Elə Seyran Səxavətin həmin 9 romanı da ədəbi tənqidçilərin, yetkin oxucuların müzakirəsindən keçsə, bunun nəyi pisdir? Eləcə də sənət və elm sahələrində ortaya qoyulan yeni işlərin müzakirə mühiti olmalıdır. Məsələn, bir neçə filmin peşəkar müzakirəsi ilə bağlı "Mədəniyyət" kanalında yaxşı proqramlar izlədim, bəyəndim. Hərdən mətnə uyğun olmayan cavablar veriləndə bu cür izaha zərurət yaranır.”

Xatırladaq ki, millət vəkili Fazil Mustafa Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığınının çökdüyünü, sənət və ədəbiyyat mühitində il ərzində bayağılıqdan uzaq xatırlana biləcək cəmi 5-10 tədbir olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər