26 Noyabr 2019 14:42
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov ölkədə aparılan kadr dəyişiklikləri, islahatlar və Qarabağ mövzusnda Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Hüseybala müəllim, necə müddətdir ki, kadr islahatları aparılır, gənclər yüksək postlara gətirilir. Baş verən kadr dəyişikliklərini necə qarşılayırsınız?

- İllərin qazandırdığı həyat təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, cəmiyyət üçün liberal gəncliyin enerjisi də, mühafizəkar yaşlı nəslin qoruduğu ənənələr də çox dəyərlidir. Amma bir şərtlə ki, bunlar bir-biri ilə ziddiyyətə girib cəmiyyəti ya yenilik xatirinə tələskənliklərə, ya da mühafizəkarlıq xatirinə inkişaf proseslərindən geridə qalmağa məhkum etməsin.

Azərbaycan Prezidentinin apardığı islahatların uğur formulu isə bu ikiliyin sintezini yarada bilməsindədir. İlham Əliyev bu islahatlarla müstəqillik tariximizin yeni bir dövlətçilik ənənəsini də yaradır. Azərbaycan dövlətinin inkişafında müəyyən xidmətləri olan, indi isə yaşını, səhhətini nəzərə alaraq, istefa mədəniyyəti sərgiləyən insanlar hörmət-izzətlə yola salınır. Prezident onları qəbul edib, təşəkkürünü bildirir, dövlətin bu insanlara xoş münasibətini nümayiş etdirir.

Eyni zamanda yüksək vəzifələrə təyin etdiyi şəxsləri, o cümlədən gənc icra başçılarını qəbul edərək , xalqın şahidliyi ilə onlardan gözləntilərini çatdırır, məsuliyyətli olmağı, insanlara, onların problemlərinə həssas münasibət göstərməyi tapşırır, vətəndaşlara bu şəxslərin fəaliyyətinin daim ictimai nəzarətdə saxlanması mesajını verir.

Bu sivil cəmiyyətlərə xas tərzdir. İnkişaf belə baş verir, vətəndaş cəmiyyəti bu minvalla formalaşır. Prezidentin yüksək vəzifələrə təyin etdiyi şəxslərin karyera yoluna nəzər salanda hər təyinatın arxasında şəxslərin uğur hekayəsini görmək olar. Biz yaşlı nəsil gənclərə həm yol verməliyik, həm də təcrübəmizlə onlara dəstək olmalıyıq.

Mən bu prosesləri bəyənirəm, dəstəkləyirəm. Bu yeni mərhələdir.

- Hazırda ölkədə aparılan islahatların tərkib hissəsi olaraq qanunvericilik sahəsində də ciddi islahatlar həyata keçirilir. “Məhkəmə və hakimlər haqqında”, “Tibbi sığorta haqqında” qanunlara və Vergi Məcəlləsinə əsaslı dəyişikliklər edilir. Bu islahatlar ölkəmizə nələr verəcək?

- Bəli, böyük işlər görülür. Milli Məclis mühüm qanunlar qəbul edib və hazırda bir sıra əhəmiyyətli qanunlar müzakirə edilir. Mən deyə bilmərəm ki, hər şey 100 faiz ideal olacaq, amma qanun işlədikcə çatışmayan cəhətlər olacaqsa, bunu təcrübə göstərəcək, həmin qanunlara müvafiq dəyişikliklər edəcəyik və onlar mükəmməl qanun səviyyəsinə çatacaq. Güman edirəm ki, mükəmməl qanunlar qəbul edirik, bunlar gələcəkdə işləyəcək və insanlara xeyir verəcək.

Məsələn, “Tibbi sığorta haqqında” Qanun icbari tibbi sığortanın tətbiqi baxımından əhəmiyyətlidir. Milyonlarla insan bu xidmətdən istifadə edəcək. Bunun tətbiqi insanlarımıza maddi və mənəvi cəhətdən çox şeylər verəcək. Əvvəl gedib pul verib müalicə olunurdu, bəzən kiminsə pulu olmurdu. İndi dövlət bütün məsuliyyəti üzərinə götürüb. Eyni zamanda müalicəyə ehtiyacı olan insanlara imkan yaradılır ki, bəlli region üzrə istədiyi həkimi və xəstəxananı seçsin. Bu xidmət pilot layihə kimi bir neçə rayonda tətbiq edilib və müsbət nəticələr də verib. Sözsüz ki, icbari tibbi sığorta tətbiq edildikdən sonra müəyyən problemlər də ortaya çıxacaq, çünki bu yeni xidmətdir. Milli Məclis olaraq, insanlarımızın rifahı naminə qanunda olan boşluqları və yeni tələbləri qanunvericiliyə gətirəcəyik. Eyni zamanda parlamentdə çıxışlar zamanı qeyd edildi ki, xarici ölkələrdə yüzlərlə azərbaycanlı həkim işləyir. Düşünürəm ki, həmin həkimlərə də çağırışlar olacaq və onlar da gəlib doğma vətəndə işləyəcəklər. Mən inanıram ki, hər şey yaxşı olacaq. Əslində müstəqil Azərbaycanın 28 yaşı var, bunun da 2-3 ili xaos olub. 25 yaşında gənc ölkə bu müddət ərzində böyük inkişaf yolu keçib. Vaxtilə biz gecələr çörək növbəsində dururduq. O dövrdən bu dövrə gəlib çatmışıq. Amma uzun tarix keçməyib. Buna baxmayaraq, böyük tərəqqi yolunu keçmişik və mən hesab edirəm ki, bu, böyük şəxsiyyət Heydər Əliyevin zəkasının, uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasəti cənab prezident İlham Əliyev uğurla həyata keçirir.

Prezident İlham Əliyev 17 ildir ki, ölkəmizə rəhbərlik edir, artıq onun özünün siyasi kursu, məktəbi yaranıb. Gələcək daha yaxşı olacaq. Hazırkı sabitlik, sakitlik və inkişaf sabahımızın gözəl olacağından xəbər verir.

- 2020-ci il dövlət büdcəsinin müzakirəsi davam edir. Sizin büdcə layihəsi ilə bağlı fikirləriniz necədir?

- Sözsüz ki, büdcəmiz insanlarımızın rifahına hesablanıb. 2020-ci ildə də əmək haqlarının və pensiyaların qaldırılması gözlənilir, bunu nazir Sahil Babayev də çıxışında qeyd etdi. Cənab prezident də bu məsələyə xüsusi diqqət yetirir. Sizi inandırıram ki, Azərbaycanda stabilliyin olması bizim üçün ən böyük sərvətdir. Stabillik olmalıdır ki, inkişaf getsin, əmək haqları artırılsın, rifah yüksəlsin. Yaxın Şərqdə olan duruma, Suriya, İraq, Liviyanın vəziyyətinə baxın. Ölkəmizdə hər il onlarla beynəlxalq tədbirlər keçirilir, bura gələn qonaqlar da stabilliyimizi xüsusilə vurğulayırlar. Bu mənada hesab edirəm ki, Azərbaycanın gələcəyi daha yaxşı olacaq.

- Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi olduğu kimi qalır, danışıqlar prosesi faktiki yoxdur. Bu məsələ necə həll olunacaq?

- Dünyada ikili standartlar hökm sürür və bu açı həqiqətdir. Güclü ölkələr çalışırlar ki, öz siyasətlərini diktə etsinlər. Hesab edirəm ki, əgər danışıqların sonu olmasa biz torpaqlarımızı güclə olsa da, alacağıq. Bunu cənab prezident də dəfələrlə qeyd edib. Hər bir vətəndaşımız yaşından asılı olmayaraq, silaha sarılıb torpaqlarımız uğrunda ölməyə hazırdır. Əgər Ali Baş Komandan əmr versə ki, hamı vətən torpağının azad edilməsi üçün hərəkətə gəlsin, inanın ki, A-dan tutmuş Z-yə qədər hamı bu müharibədə iştirak edəcək. Çünki Qarabağ bizim üçün vətən, erməni üçün ərazidir. Bəli, ermənilər ora gəlmədir. Vaxtilə Xankəndində gəlmələrin 150 illiyi ilə əlaqədar abidə də qoymuşdular, sonra ayılıb bu abidəni dağıtdılar. Mən bir şeyi bilirəm: haqq nazilər, amma üzülməz. Ədalət qalib gələcək. Vüktor Hüqonun məşhur sözü var: bütün günahlar keçər, bağışlanar, ədalətsizlik heç vaxt bağışlanmır. Dünya Qarabağ məsələsində bizə qarşı böyük ədalətsizlik edir və inanıram ki, ilahi ədalət gec-tez özünü göstərəcək.

- Ermənistan-Rusiya münasibətlərində əvvəlki illərlə müqayisədə sanki soyuqluq müşahidə olunur. Sizcə, bu münasibətlər sonuna qədər soyuq olacaq, yoxsa...

- Bəzən protokol xatrinə ruslar erməniləri tənqid edirlər. Amma onlarda bir doğmalıq və yaxınlıq da hiss edilir. Bilmirəm, bu dinlə bağlıdır, yoxsa başqa səbəbi var. Ancaq fakt odur ki, ruslar həmişə erməniləri müdafiə edirlər. İndi ola bilsin ki, ruslar Paşinyan simasında bir hökumət başçısını psixoloji olaraq qəbul etmirlər, amma erməni xalqını qəbul edirlər. Sizə deyim ki, hələ sovet dövründə biz Moskvaya iclas və tədbirlərə gedirdik. Mən hiss edirdim ki, eyni məsələdə bizə bir cür, ermənilərə isə başqa cür münasibət var. Hələ SSRİ dövründə rusların ermənilərə münasibətdə hər zaman doğmalıq hiss etdiklərini müşahidə etmişəm.

- Və bu münasibətlər Qarabağı qaytarmağa imkan vermir?

- Qarabağ tarixi Azərbaycan torpağıdır. Cənab prezident Valdey konfransında sərt çıxış edərək “Qarabağ Azərbaycandır və nida” ifadəsini işlətdi. Mən hesab edirəm ki, prezident dövlətimizin, xalqımızın və millətimizin mövqeyini ortaya qoydu. Yəni, öldü var, döndü yoxdur. “300 spartalı” adlı tarixi fili var. Təsəvvür edin ki, 300 spartalı İran imperiyası ilə müharibədə qalib gəlir. Çünki 300 spartalıda vətənpərvərlik, torpağa bağlılıq hissi o qədər yüksək olur ki, nəticədə böyük bir orduya qalib gəlirlər. Qarabağ da bizim haqq işimizdir, canımız, namusumuz, vətənimizdir və biz qalib gələcəyik.


Müəllif: Teleqraf.com