“Zati-Müqəddəsləri Azərbaycanda Sizin, digər dini liderlərin dini harmoniya və qarşılıqlı anlaşmaya göstərdiyiniz töhfəni qiymətləndirir, təqdirəlayiq hesab edir. Ölkənizə 2008-ci ilin martında ilk dəfə səfərim zamanı Bakıda ilk Katolik Kilsəsinin açılışında mən bunun şahidi olmuşam. Qafqazda katoliklər və müsəlmanlar arasında mövcud olan səmimi münasibətlərə görə Uca Yaradana, eləcə də Şeyxülislam həzrətlərinə xüsusi təşəkkürümü bildirirəm!”
Bu sətirlər Roma Papası XVI Bendiktin məktubundandır, hansı ki, beynəlxalq ictimai-siyasi “Tarixi Şəxsiyyətlər” jurnalının Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş xüsusi sayında da öz əksini tapıb. Elə ilk materiallar da tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar Prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubudur.
Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz, mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də hörmətli Şeyx barədə fikirləri yer alıb.
1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirililən din xadimlərinin ümumi toplantısında yaradılmış Qafqaz Xalqlarının Ali Dini Şurasının strukturu, məramı, məqsədləri, eləcə də şeyxülislamlıq tarixi, şəxsən cənab Paşazadənin həyat və fəaliyyəti barədə görkəmli şərqşünasımız Vasim Məmmədəliyev, yazıçı, millət vəkili Hüseynbala Mirələmov, müfti Salman Musayev, ilahiyyatçılar Hacı Sabir Həsənli, Hacı Fuad Nurullah, alimlər Anar İsgəndərov, Qəmər Cavadlı və başqa ziyalıların qələmindən çıxan məqalələr toplunu daha da maraqlı edir.
Amma “Tarixi Şəxsiyyətlər”in ideya və prinsipləri bununla məhdudlaşmır və əks təqdirdə, haqqında 112 səhifədə söhbət açılmış şəxsiyyətin ömür yolu nə qədər zəngin olsa belə, qarşıdakı hədəfə çatmaq cəhdi boşa çıxar, ölkəmizdə yaşam normalarına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinə sədaqət nümayişi bir qədər inamsız və qeyri-səmimi təsiri bağışlayardı.
Sadalananları nəzərə alan yaradıcı kollektiv xeyli zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı II Aleksi barədə də xüsusi buraxılış hazırlamışlar. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin sənədliliyi baxımından xeyli faydalıdır.
20 noyabr 1946-cı ildə Sankt-Peterburqda ruhani ailəsində doğulmuş II Aleksinin (Vladimir Mixayloviç Qundyayev) uşaqlıq, gənclik illəri, dini təhsilə sonsuz həvəsi və aldığı elmi dərəcələr, Leninqrad Ruhani Akademiyasının tələbəliyindən rektorluğuna qədər yüksəlişi, öz missiyasını təkcə Rusiyanın daxilində (Smolensk, Kalininqrad, Bryansk...) deyil, sərhədlərindən kənarda (Moskva Patriarxlığının Cenevrədəki Ümumdünya Kilsələr Şurasında nümayəndəsi) da məsuliyyətlə yerinə yetirməsi, çalışdığı ali dini vəzifələr dəqiqliklə nəzərdən keçirilir.
Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrı və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbəri və şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu mükafatlarla təltifatı faktları xüsusi vurğulanır.
Kiril Atanın hazırda din amilinin beynəlxalq münasibətlər sistemində getdikcə mühüm yer tutması, ruhani liderlərin mövcud münaqişələrin nizamlanmasına daha tez-tez səmərəli təsir göstərmək imkanları, müasir dövrün ən ciddi problemlərinin aradan qaldırılmasına əhəmiyyətli yardım edə bilmələri çağırışları olduqca diqqətəlayiqdir.
Səmavi dinlərin sülh, inam və iman mesajlarını istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Vətənimiz haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr tamamlayır.
Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.
“Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnalının təsisçisi və Baş redaktoru Hacı Xəlil Qarəhmədov əsas məramlarının daim sivilizasiyalararası dialoq, cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinə çalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanımızın qlobal problemləri, xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirib.
Hamımızın masaüstü oxu mənbəyi haqqına layiq dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq!
Qurban Cəbrayıl