Bakı Dövlət Universitetinin təntənəli şəkildə keçirilən 100 illik yubileyində cənab Prezident İlham Əliyevin iştirakı, dərin mənalı və geniş nitqi bu mərasimin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Hər birimiz bu ali ocağın məzunu olmağımızla fəxr edirik. Biz yolumuzun ulu öndərimizin məzun olduğu universitetdən keçdiyinə görə fərəh hissi duyuruq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, BDU-nun Biologiya kafedrasının müdiri Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, ölkə başçısının tədbirdə vurğuladığı kimi Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib: “Cənab prezident çıxışında qeyd etdi ki, yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib. Həqiqətən də BDU ulu öndər başda olmaqla hər bir sahədə izini, imzasını qoyan məzunlar yetişdirib. Ulu öndərin kadrların yetişdirilməsində xüsusi rolu olub. 1969-cu ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən bir neçə ay sonra BDU-nun 50 illiyi keçirilirdi. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, gənc nəsil bu hadisədən xəbərdar olsun, Sovetlər İttifaqının tərkibindəydik, o zaman rus dili hakim dil idi, ana dilində nitq söyləmək 15 respublikanın heç bir katibinin ağlından belə keçə bilməzdi, lakin ulu öndər cəsarətli addım atdı, yubiley tədbirində Azərbaycan dilində çıxış elədi. Həmin nitq hər bir vətəndaşa mesaj oldu, ulu öndərimiz tərəfindən ana dilinə olan hörmət, məhəbbət alqışlarla qarşılandı. Hər kəs üçün gözlənilməz hadisə idi, birinci katibdən belə addım atmaq üçün cəsarət tələb olunurdu. Ancaq ulu öndər dilinə, dövlətinə necə bağlı idisə, heç nəyi nəzərə almadan Azərbaycan dilində nitq söylədi, bu, qürurverici hadisə idi”.
Kamilə Əliyeva qeyd edib ki, tələbələrin bilik səviyyəsinin yüksəlməsi prioritet vəzifə olub: “Dövlət başçısı təntənəli yubiley mərasimində də xatırlatdı ki, Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi, eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Doğrudan da o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər. İndi İKT əsrində yaşadığımızı söyləyirik, 70-ci illərində əvvəllərində bu haqda fikirləşmək heç kəsin ağlına gəlmirdi. Ulu öndərin uzaqgörənliyi onda idi ki, o zaman BDU-da kibernetika və informatika fakültəsinin əsasını qoydu. Hazırda özümüzü informasiya kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirik, amma məhz ulu öndər əvvəlcədən hesablayaraq bu istiqamətdə kadrların yetişdirilməsinə çalışırdı. Mən də fəxr edirəm ki, həyatımın 35 ili BDU ilə bağlıdır. 5 il təhsil almışam, artıq 30 ildir ki, BDU-da çalışıram, kafedra müdiriyəm, professoram. Əlbəttə, uğurlarıma görə dövlətimə, ulu öndərimə minnətdarlıq hissi duyuram”.