29 Noyabr 2019 16:43
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

O qeyd edib ki, Dövlət Neft Fondu bizim strateji aktivimizdir: “Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi”.

Onun sözlərinə görə, Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

“Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir”,- Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, onların arasında təhsillə bağlı olan layihələr var: “Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi - bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib.

Bir sözlə, deyə bilərəm ki, bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda, Fondumuzun beynəlxalq imici də çox müsbətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər