19 Sentyabr 2014 16:34
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT-lər distant təhsili təqdir edən tədbir keçirdi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində QHT-yə Dövlət Dəstəyi Şurasının yardımı ilə Milli QHT Forumu tərəfindən “Distant təhsil və cəmiyyətin inkişafı” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə QHT nümayəndələri, təhsil ekspertləri və media təmsilçiləri iştirak ediblər.

Teleqraf.com-un verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Milli QHT Forumunun sədri Rauf Zeyni açıq elan edib. Distant-məsafədən təhsilin üstünlüklərindən danışan Rauf Zeyni QHTDDŞ-nin bu movzunu ictimailəşdirmək təşəbbüsünü təqdir edib.

Çıxış edən texnika elmləri doktoru Sahib Fərzəliyev isə bildirib ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya, kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır:

“Bu gün texnologiya həyatımızın bütün sahələrini əhatə edib, o cümlədən təhsil, hətta təhsilin fəlsəfəsi belə dəyişib. Texnologiyanın sürətli inkişafı elmi arxada qoyur. Bu da yeni perspektivlərin meydana gəlməsini zəruri edir. Azərbaycan Respublikası 19 iyun 2009-cu il tarixli “Təhsil haqqında” qanunun 10-cu maddəsində göstərilir ki, təhsil proqramında əlavə təhsil, distant təhsil və digər хüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Məsafədən təhsil iqtisadi cəhətdən də səmərəlidir. Həm təhsilverən, həm təhsilalan, həm də dövlət üçün əhəmiyyətli dərəcədə qənaətdir”.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, distant təhsillə tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunmalıdır. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcılarının olması əsasdır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

2009-cu ildən Bakıda QHT kimi fəaliyyət göstərən - Avrasiya İnnovasiya İnstitutu ilə Anadolu Universiteti arasında imzalanmış və Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiq edilmiş protokola əsasən Anadolu Universiteti Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının bu universitetə qəbuluna başlayıb. Avrasiya İnnovasiya İnstitutu Azərbaycanda distant təhsil alan tələbələrə keyfiyyətli təhsil xidmətləri göstərmək üçün Anadolu universitetinin tərəfdaşı olaraq texniki xidmətlər göstərir.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər