Füzulu rayonunda fin tipli qəsəbədə məskunlaşan məcburi köçkünlər adından redaksiyaya məktub daxil olub. Fin tipli quraşdırma vaqon evlərdə 460-dək ailənin məskunlaşdığı qəsəbə sakinləri yazırlar ki, 1995-ci ildən həmin yaşayış yerində məskunlaşıblar.
“Həşəratlar və yağış suları evimizə dolur”
Həmçinin Fin şəhərciyinin yaxınlığında təxminən 300-dən də çox məcburi köçkün qamışdan tikilmiş komalarda məskunlaşıblar. Hər iki yaşayış massivinin sakinləri qışda soyuqdan, yayda istidən əziyyət çəkirlər: “Dəmir evlərdə yayda yanırıq, qışda donuruq. Hər ailənin bir darısqal vaqonu var. Gün çıxanda əşyalarımızı bayıra tökürük ki, yaşayış yerimiz azacıq da olsa, genişlənsin. Yağış yağan zaman daşıyıb içəri doldururuq. Dəmir vaqonun tavanı, dörd bir tərəfi çürüyüb deyə, yağış yağanda başımıza paslı su damır. Pal-paltarımız pas üzündən ləkə-ləkədir. Çürümüş tavandan, döşmədən, künc-bucaqdan o həşərat yoxdur ki, evə girməsin. İlan, qurbağa, kərtənkələ, siçan kimi həşəratlar evimizin sakininə çevrilib.
İçdiyimiz su bulanıq və paslıdır. Əgər Səhiyyə Nazirliyinin nümayəndələrinin güzarı bu tərəfdən düşsə və burada kiçik bir araşdırma aparsalar məlum olar ki, bu şəhərciyin əhalisinin 90 faizi xəstəliklərdən necə əziyyətlər çəkir. Ona görə də biz Səhiyyə Nazirliyindən xahiş edirik ki, bura nümayəndələrini göndərsinlər”.
Sakinlər onlara edilən yardımların bəzi şəxslər tərəfindən mənimsənilməsindən də gileylidir: “Ailəbaşına 40 litr neft verilməlidir, amma əksər ailələrə 22 litr verilir. Bayramlarda verilən humanitar yardımların tam qismi bizə çatmır. Lakin biz bütün bunların davasını etmirik, tək istəyimiz bu xəstəlik yuvasından şəraitli bir yerə köçməkdir”.
Sakinlər müraciət etdilər
Sakinlər qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edərək problemlərinin həllinə diqqət ayırmağı xahiş ediblər. Sakinlər onu da yazır ki, köçürülmə ilə bağlı fin şəhərciyinin müvəqqəti sakinlərinə bir neçə dəfə məlumat verilib: “Çox ümid edirdik ki, bu il, nəhayət, biz də şəraitsiz yerdən can qurtaracağıq”.
Məcburi köçkünləri maraqlandıran suallarla əlaqədar Füzuli Rayon icra hakimiyyətinə, Qaçın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etdik.
Füzuli rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vidadi Tağıyev bildirdi ki, hazırda Sabirabad və Füzuli rayonlarında məcburi köçkünlərin məskunlaşdığı fin şəhərciyi mövcuddur. Vidadi Tağıyevin sözlərinə görə, Füzulidə fin şəhərciyində məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub: “Köçürülmə ilə bağlı icra başçısının qərarı var. Bu barədə Nazirlər Kabineti də qərar verib. Çox güman ki, dekabr ayına qədər evlərin tikintisinə başlanacaq. Füzuli rayonunda indiyədək 5 qəsəbədən ibarət Zobucuq, 11 qəsəbədən ibarət Qayıdış şəhərcikləri salınıb. Hərəsində 400 ev olmaqla salınan bu böyük massivlər qısa bir müddətə inşa olunub. Belə bir təcrübədən çıxış edərək demək olar ki, sözügedən həmin köçkünlərin də yaşayış massivinin tikintisi uzun müddət çəkməyəcək”.
Vidadi Tağıyev: “Fin tipli evlərin istifadə müddəti bitib”
V.Tağıyev onu da vurğuladı ki, əhalinin narazılığı haqlı və başadüşüləndir, çünki fin tipli evlərin istifadə müddəti həqiqətən də başa çatıb: “İcra başçısı da çalışır ki, sakinlər də yaxşı şəraitdə yaşasın. Lakin böyük bir yaşayış sahəsinin inşa edilib, köçürülmənin həyata keçirilməsi mürəkkəb prosesdir. Çox güman ki, massivlər hissə-hissə inşa olunacaq və ən ağır şəraitdə yaşayan sakinlər öncə köçürüləcək. Köçkünlərin sıyahıyaalınması da aparılıb, əhalidən azacıq da dözümlü olmalarını xahiş edirik”.
Qaçın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Qədimov isə bildirdi ki, fin tipli qəsəbələrin köçürülməsi dövlət proqramında nəzərdə tutulub, o cümlədən Füzuli rayonunda məskunlaşmış həmin ailələrin də köçürüləcəyi gözlənilir.
Nigar İSMAYILOVA