Bakının 20 saylı məktəb-liseyində iki şagird arasında qalmaqal valideynlərdən birinin ciddi narahatlıq yaşadır.
Övladı məktəbin “3Ğ” sinfində oxuyan Kəmalə Dadaşova oğlunun başına gələn hadisə haqqında Teleqraf.com-a danışıb.
Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl oğlu Yusiflə sinif yoldaşı Cavad arasında mübahisə olub, oğlu döyülüb və eynəyi qırılıb: “Uşağı həkimə aparmalı oldum, bu barədə sinif rəhbərinə də məlumat verdim. Müəllim məsələyə çox da diqqət göstərmədikdə direktora bildirdim”.
Kəmalə Dadaşova deyir ki, direktor qarşı tərəfin valideynini çağırıb və məsələni həll ediblər. Lakin əsas problem elə bundan sonra başlayıb: “Oğlanın atası üzr istədi, həkim xərclərini üzərinə götürdü. Anası isə əksinə, üzr istəməyəcəyini bildirdi. Hadisənin üzərindən 4 ay keçib, uşağın anası Nərmin Həsənzadə mənə zəng edir, hədə-qorxu gəlir, təhqir edir. Vaxtilə 80-100 manat arası xərc çəkmişdilərsə, indi guya mənim uşağıma görə 300 manat xərcə düşdüklərini iddia edir. Guya mən ondan məcbur pul almışam.
Uşağın anası 4 aydan sonra hər şeyi şişirdir. Onu da iddia edir ki, mənim şikayətim səbəbindən oğlu psixoloji travma alıb. Əvvəllər aramızda heç bir konflikt olmayıb.
Onun övladı günlərlə dərsə gəlmir, məktəbli forma geyinmir. Məktəbdə 4 mindən çox şagird var, hamı qanunlara tabe olduğu halda bunlar özbaşınalıq edir”.
Kəmalə Dadaşova məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsinə müraciət etdiyini bildirib: “Cavab gözləyirəm. Mən direktor və müəllimdən narazı deyiləm. Sadəcə bu hadisə məktəbdə baş verib və direktor ədalətli qərar verə bilərdi. Üstəlik, bu valideyn daxili nizamnaməni də pozur”.
Kəmalə Dadaşova qarşı tərəfi kiçik bir konflikti böyütməkdə ittiham edib: “Mən istəmirəm yenidən konfliktə qayıdım. Qadın gizli nömrədən zəng edir, məni təhqir edir”.
Şagirdlərin sinif rəhbəri Nailə Hüseynovanın sözlərinə görə, həm uşaqlarla, həm də valideynlərlə danışıb: “Şagirdlərin hər ikisi çox yaxşı, ağıllı, tərbiyəli uşaqdır. 8-9 yaşında uşaqlar kinin nə olduğunu bilmirlər. Bu gün mübahisə edib, sabah barışırlar. Valideynlər də savadlı, alicənab insanlardır. Mənim işim uşaqlarladır, valideynlərlə yox”.
Bəs uşaqlar mübahisə edərsə nə edilməlidir? Psixoloq Orxan Orucun sözlərinə görə, valideynlərin müdaxilə edərək özlərini də mübahisə tərəflərinə çevirməsi qoruma instinktinin üzərində qurulmuş davranışdır: “İstənilən mübahisədə təbii instinktlərimiz övlad üçün təhlükənin olması siqnalını verir. Valideynlər övladlarının tərəfini saxladıqda haqlı olduqlarını zənn edir, bu davranışlarını davam etdirməyə meyl göstərirlər.
Halbuki normal məntiq və yanaşma ilə “Uşaqlar niyə mübahisə etdi?” sualı ətrafında müzakirə apararaq həm həll yolu tapa, həm də övladlarını tanıya bilərlər. Övladlarının davranışlarının arxasında duran səbəbləri müəyyənləşdirmək lazımdır. Bu, uşağın gələcək həyatında mübahisəyə meyilli olmamasının qarşısını alar”.