Türkiyədə Ankara-Sivas yüksək sürətli dəmir yolu Sivas-Ərzincan və Ərzincan-Ərzurum-Qars dəmir yolları vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşəcək.
Bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Ankara-Sivas yüksək sürətli dəmir yolu tikintisi bu ilin martında başa çatacaq və bundan sonra dəmir yolunun sınaqdan keçirilməsinə başlanacaq. Layihənin ümumi dəyəri 13,2 milyard lirə təşkil edir.
Qeyd edək ki, Ankara-Sivas dəmir yolunun tikintisinin 95 faizdən çoxu başa çatıb. Bu dəmir yolunun uzunluğu 603 kilometrdir.
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən üç dəfəyə yaxın azaldır.
Ötən il Bakı-Tbilisi-Qars istiqamətində yük daşımalarında artım 42%-ə çatıb. Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq.