24 Sentyabr 2014 19:12
2 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” kitabı çap olunub

Ali məktəblər üçün “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, kitabın müəllifi universitetin dosenti Fikrət Şiriyevdir. Müəllifin sözlərinə görə, son illər Azərbaycanda nitq mədəniyyəti fənni üzrə ardıcıl araşdırmalar aparılması, prezident İlham Əliyevin 2012-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında nitq mədəniyyəti məsələləri xüsusi diqqət mərkəzində saxlanılması kitabın yazəlmasına zərurət yaradıb: “Avropanın əksər ölkələrində orta məktəb proqramlarına daxil edilən nitq mədəniyyəti fənni nəticədə xalqın səlis və rəvan danışmasına, hər kəsin öz fikirlərini çətinlik çəkmədən ifadə etməsinə gətirib çıxarır.

Bu qədər zəngin lüğət tərkibinə və leksik imkanlara malik Azərbaycan dilində bəzən fikirlərin ifadəsi zamanı rastlaşdığımız xoşagəlməz hallar, fikir büdrəmələri, yersiz təkrarlar, lazımsız ifadələr və s. hər bir ziyalını narahat edir. Digər tərəfdən, bu gün gözəl Azərbaycan dilinin imkanlarından məharətlə yararlanıb fikirlərini dürüst və ifadəli çatdıran, cəlbedici nitqi ilə auditoriyanı valeh edib özünə bağlayan istedadlı natiqlər vardır. Belə təcrübələrin yayılması, həmin nümunələrin timsalında daha yaxşı danışıq vərdişlərinin kütləviləşdirilməsi universitet auditoriyalarından keçir.

Ali məktəblərdə, hətta orta məktəblərdə nitq mədəniyyəti vərdişlərinin aşılanması, gənclərə düzgün və səviyyəli danışıq qaydalarının öyrədilməsi günün tələbinə çevrilib. Klassik ritorikanın banisi hesab edilən Aristotelin dediyi - “şair və rəssamdan fərqli olaraq natiq doğulmurlar, bilik, ağıl və təcrübə hər kəsi natiq edə bilər”,- kimi dəyərli fikirləri nəzərə alsaq, onda fənnin geniş tədrisi mübahisəsizdir”.

Mətbuat və informasiya şöbəsindən verilən məlumatda bildirilir ki, bu baxımdan 9 fəsildən ibarət dərs vəsaitini dəyərli və gərəkli hesab etmək olar. Burada həm ritorika elminin 3000 illik yolu, klassik yunan və Roma məktəbləri haqqında, həm də Şərq ritorikasının ilk nümunələri olan “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi qədim əsərlərdən müqayisəli parçalar, Azərbaycan nitq mədəniyyətinin tarixi barədə məlumat verilir.

Kitabda nitq mədəniyyəti fənninin nəzəri müddəaları əksini tapıb, bu müddəalar Azərbaycan ədəbiyyatından verilmiş nümunələrlə əsaslandırılıb. Dərs vəsaitində, həmçinin ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. haqqında nəzəri və praktik tövsiyələr əks olunub. Dərs vəsaitində nitq mədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr verilib, nitq terminləri lüğəti təqdim edilib.

Görkəmli ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyevin və tanınmış professor Sənubər Abdullayevanın elmi redaktorluğu ilə ərsəyə gələn, zəngin ədəbiyyatdan istifadə edilməklə və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab təkcə ali məktəb tələbələri üçün deyil, həm də Azərbaycan dilində səlis danışmaq arzusunda olan bütün insanlar üçün dəyərli mənbədir.
“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” kitabı “Nurlar” nəşriyyatında çapdan çıxıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər