Tofiq Qasımov ötən bazar günü - yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib.
Teleqraf.com bildirir ki, bunu modern.az-a Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb:
"Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb - hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyası Tofiq bəyin anım tədbirini keçirməyi düşünür. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir".
Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar bu gün sosial şəbəkələrdə yayılıb.
O 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib.
2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.