30 Yanvar 2020 12:19
2 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə 16 ildir ki, yaşayıram. Tofiq Qasımov bu ölkəyə məndən qabaq gəlib. Bu illər ərzində onunla dəfələrlə görüşmək istəmişəm. Ancaq qarşı tərəf buna maraq göstərməyib. Ümumiyyətlə, o, birmənalı şəkildə kimsə ilə görüşmək istəmirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Qasımovun İsveçrədə vəfatından sonra sabiq nazir haqqında məlumat almaq istəyən həmkarlarına İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli özünün Feysbuk səhifəsində yazıb.

Elbəyi Həsənli qeyd edib ki, Tofiq Qasımov yalnız bu ölkədə yaşayan Hacı Hacılı ilə görüşürmüş: “Hacı Hacılı Tofiq Qasımovla birlikdə Elçibəy komandasında çalışmışdı. Bəlkə də bu səbəbdən Tofiq bəy və ailəsi Hacı bəyə istisna hal kimi bu haqqı tanımışdı.

Onu da deyim ki, sayın Tofiq bəyin səhhətində xoşagəlməz problemlər üzə çıxmışdı. Görünür, xeyli yaşlı olması da onun fiziki və psixoloju durumuna mənfi təsir göstərmişdi. Məncə, məhz elə bu səbəbdən ailəsi onun kiminləsə görüşməsini istəmirdi.

Bir az öncə jurnalist dostlardan biri zəng vurmuşdu. Dedi ki, Bakıda belə bir fikir dolaşır ki, Tofiq bəyin meyitini yandırıblar. İsveçrədə meyitin yandırılmasına üstünlük verirlər. Məndə olan məlumata görə, Tofiq bəy dünən (yanvarın 28-də) dəfn olunub. Meyitin yandırılması söhbəti isə yalandır. Bildiyim qədər, Tofiq bəyin ailəsində mömin müsəlman olan insanlar var. Yəni, bu, ehtimalı reallıq əmsalı sıfırın altındadır.

Tofiq bəy harada dəfn olunub? Onu İsveçrədə torpağa tapşırıblar. Ancaq konkret hansı qəbiristanlıqda dəfn olunması bizlərə (İsveçrədəki azərbaycanlılara) məlum deyil.

Hörmətli Hacı Hacılı ailəsi ilə danışıqlar aparır. Ümid edirik ki, hamılıqla sayın Tofiq bəyin qəbrini ziyarət edə biləcəyik. Bu məsələ ilə bağlı diqqətə layiq bir xəbər əldə etsəm sosial şəbəkə üzərindən sizlərlə bölüşəcəm.

Tofiq bəy qürbətdə ölməyə və qürbətdə dəfn olunmağa layiq adam deyildi. Bu olaydan dolayı son dərəcə üzgünəm. Allahdan Tofiq bəyə rəhmət diləyirəm. Və ümid edirəm ki, nə vaxtsa Azərbaycan siyasətində onun kimi ləyaqətli insanların sayı və sanbalı çox olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər