Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.
Teleqraf.com xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdəsiniz ki, ancaq özünüz bəslədiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.
Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömür boyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyət başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz.
Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləriniz olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.
Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.
Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün - valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün - yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.
X X X
Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Polad Bülbüloğluna təqdim etdi.
X X X
Polad Bülbüloğlu: Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük.
Prezident İlham Əliyev: Siz buna layiqsiniz.
Polad Bülbüloğlu: Siz deyən sözlər də, Vallah, tarixi sözlərdir. Bu, mənim üçün çox xoşdur. Siz bununla mənim 75 illik yubileyimə, bütün bu illər ərzində zəhmətimə böyük qiymət vermisiniz. Mənim üçün danışmaq çox çətindir. Çox sağ olun. Minnətdaram.
Prezident İlham Əliyev: Çox sağ olun.
17:11
Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsaəsn, P.Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə bu ordenlə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini fevralın 3-də ona təqdim edib.