Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”ni təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu əsasnaməyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ekspert Komissiyasının səlahiyyətləri ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial mənfi təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək, ətraf mühitə bilavasitə və ya dolayısilə mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq, ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq, ekoloji ekspertiza obyektləri üzrə layihələrin həyata keçirilməsinin mümkün olub-olmaması və ətraf mühitə təsirin yol verilə bilən həddi barədə əsaslandırılmış rəy hazırlamaqdır.
Ekspert Komissiyasının tərkibinə Nazirliyin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri də daxil edilirlər. Ekspert Komissiyasının işinə elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri və müvafiq sahə üzrə müqavilə əsasında ekspertlər cəlb oluna bilər.
Ekspert Komissiyasının fəaliyyətinə ekspertlərin cəlb edilməsi ekoloji ekspertiza obyektinə dair layihənin xüsusiyyətindən asılı olaraq, Nazirliyin rəsmi internet səhifəsində elan edilən müsabiqə yolu ilə həyata keçirilir. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, Nazirlik Ekspert Komissiyasının fəaliyyətinə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.