11 Mart 2020 16:57
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərə almaq lazımdır ki, bu aksiya təkcə Bakıda deyil, bizimlə eyni vaxtda regionun bir neçə ölkəsində, məsələn, konkret olaraq Rusiyada, Ukraynada, Qırğızıstanda, Moldovada, Türkiyədə də keçirilib. Aydın olur ki, bu təkcə azərbaycanlı “feministlər” adlanan, özünü belə adlandıran qrupun fəaliyyətinin nəticəsi deyil. Bu, beynəlxalq səviyyədə koordinasiya olunmuş bir aksiyadır. Güman ki, arxasında da dünyadakı bir çox proseslərə pərdə arxasından müdaxilə etmək istəyən qüvvələr dayanırlar. Məsələn, Soros Fondu tipli təşkilatlar. Yəni axtarsaq yəqin ki, burada da onun quyruğunu tapmaq mümkün olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.

Martın 8-də Bakıda feministlərin keçirdiyi aksiyaya münasibət bildirən V.Məmmədovun sözlərinə görə, Azərbaycanda bu prosesi təşkil edənlər nə etdiklərini və nə üçün etdiklərini sözsüz ki, bilirlər:

“Yəni bu hadisələrin pərdəarxası ssenari müəllifi Xədicə İsmayıl, meydanda bu prosesləri birbaşa koordinasiya edən Zümrüd Yağmur idi. Feminist aktivist adı ilə küçədə ən çox fəallıq göstərənlərin biri Zümrüd Yağmurun qızı idi. Onun ətrafında da bir dəstə radikal siyasiləşmiş qadınları gördük. Onlar parlament seçkilərində də aranı qatmaq məqsədilə iştirak etmişdilər. Ondan sonra MSK-nın qarşısında aksiya keçirməyə cəhd etmişdilər. İndi küçələrə çıxıb aksiya keçirirlər. Yəni bunlar üçün nəyə etiraz etməyin fərqi yoxdur. Bunlar üçün əsas odur ki, etiraz etsinlər, ortada olsunlar. Bir növ proksi müxalifət rolunu həyata keçirsinlər.

Mən istisna etmirəm ki, onların aldatdığı qızların arasında həqiqətən qadın hüquqlarını qorumaq üçün ayağa qalxdığını düşünənlər də var. Yəni ola bilsin, hansısa sadəlövh bir qız düşünə bilər ki, o, ortaya çıxmaqla əri tərəfindən döyülən məzlum qadının hüquqlarını müdafiə edir. Bu cür düşünənlər bəlkə də var. Güman ki, var. Yaxuda atası tərəfindən hüquqları qısnanan bir zavallı qızın hüquqlarını müdafiə etdiyini düşünənlər də yəqin ki, var. Amma əslində bu daha dərin, daha böyük məsələdir. Həmin qızlar da yanılırlar, ailədaxili zorakılıq da dərin məsələdir.Bu, küçədə bu şəkildə, bu cür şüarlarla həll olunası bir məsələ deyil”.

V.Məmmədov aksiyada qaldırılan məlum şüarla bağlı da fikirlərini bölüşüb:

“Bizim mentallığa tamamilə zidd olan o plakatlar təkcə bizdə deyil. Yəni “vagina mənimdir” devizi ilə şüarları biz əvvəlcə Avropada müşahidə etmişik. Sonra bizimlə eyni vaxtda Ukraynada həmin şüar qaldırılmışdı. Mən əvvəllər düşünürdüm ki, bu şüar gəlib bizə çatmayacaq. Çünki hər halda Azərbaycanda əxlaq dəyərləri üstün tutulur, önəm verilir, amma çox təəssüf ki, yanıldığımı gördüm. Gəlib çatdı. Əgər biz indi buna ciddi yanaşmasaq, həmin proses daha da dərinləşə və daha faciəvi nəticələrə gətirib çıxara bilər.

Bu qızlar başa düşməyiblər, onlar fikirləşiblər ki, Rusiyada, Ukraynada, Fransada bu şüar qaldırılırsa, bizdə də qaldırıla bilər. Məsələn, vaxtilə Rusiyada eyni məqsədlə “Pussy Riot” adlı xüsusi rok qrup da yaradılmışdı. Bu, həmin o vagina sözünü beyinlərə yeritmək, ictimai şüurda zondaj etdirməkdir ki, bax, bundan ictimai formada belə açıq, rahat şəkildə danışa bilərik. Bizim bəzi sadəlövh qızlar düşünmüşdülər ki, Rusiyada, Ukraynada, Fransada, Almaniyada olursa, bizdə niyə olmasın?! Yəni ictimai reallıq anlayışının nə olduğunu unutmuşdular və elə qəbul etmişdilər ki, bizdə də ordakı kimi sadə qəbul olunacaq, sadə yanaşılacaq. Amma göründüyü kimi, belə olmadı. Bilirsiniz ki, onlar çox ağır psixoloji təzyiq altına düşdülər”.

Baş redaktor onu da bildirib ki, aksiya iştirakçılarından birinin intihara cəhd etməsinə görə məsuliyyəti bu şüarları həm heç bir əsas olmadan, həm də yerli reallıqları, yerli dəyərləri nəzərə almadan zorla Azərbaycan cəmiyyətinə dürtmək istəyən şəxslər daşımalıdırlar:

“Mütləq məsuliyyət daşıyan olmalıdır. Çünki bu daha ağır nəticələnə bilər. Bir qızın özünü üçüncü mərtəbədən atması düşünürəm ki, bu proseslərin təsiri ilə verilmiş ən kiçik, ən yüngül qurban ola bilər. Bu məsələnin qarşısı hər hansı yolla, ictimai qınaqla, hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə alınmasa bu, həqiqətən yaxın gələcəkdə daha böyük faciələrə səbəb ola bilər. Həm insan həyatlarında faciələr doğura, həm də ictimai miqyaslı xoşagəlməz ağır hallara səbəb ola bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər