21 Mart 2020 14:07
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsanların evlərinə qapanması, iş yerləinin bağlanması, əhəmiyyətli ölçüdə maddi gəlirlərinin azalması, istirahət imkanlarının məhdudlaşdırılması zəruri və gözlənilən bir haldır. Bundan sonra da gələcək ən sərt tədbirlərə, məhdudiyyətlərə hazır olmamız təhlükəsizliyimiz baxımından qaçınılmaz yoldur".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O qeyd edib ki, tarixi təcrübəyə görə, bu proseslərdə adətən oğurluq, quldurluq, möhtəkirlik hallarının artması da istisna olunmur: "Bu səbəbdən də hüquq-mühafizə orqanlarının işinin ağırlığını anlayaraq onlara da dəstəyimizi vətəndaşlar olaraq gücləndirməliyik. Burada reket jurnalistikanın da iş başında olduğunu unutmamalıyıq. Onlar qondarma saytlarında bu icra başçısının gedib o birinin gətiriləcəyini, bu məmurun artıq gözdən düşdüyünü və s. kimi informasıyaları fakta söykənmədən tirajlamaqla, yalnız həmin ittiham olunan şəxslərdən pul qoparmaq niyyəti güdmürlər. Həm də konkret rayonda və bölgədə idarəçilik boşluğu barədə düşüncələri aşılayırlar.

Onsuz da kimisə təyin edib, kimisə işdən çıxaranda ölkə prezidenti əlində olan faktlara və əsaslara istinad edərək addım atır. Hansısa məmur konkret situasiyada nəyisə yanlış edirsə, onu da yazmaq, cəmiyyətə çatdırmaq jurnalistikamızın borcudur və vicdanlı peşə sahibləri bu işi peşəkarlıqla görürlər".

Fazil Mustafa hesab edir ki, hüquq-mühafizə orqanları fəaliyyətini məhz dezinformasiyalar yaymaq üzərində qurmuş saytlara, onlara sifariş verənlərə qarşı bu periodda qanunun tələblərinə uyğun daha ciddi yanaşmalı və müvafiq tədbirlər görməlidir:

"Bu çətin dövrdə ən təhlükəlisi bölgələrdə hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır. Bunun yarıtmaz fəaliyyətinə görə hansısa məmurun tənqidinə qətiyyən aidiyyatı yoxdur, əksinə haqlı tənqidi dəstəkləmək hamımızın borcudur. Lakin şantaj, böhtan, yalançı informasiyalarla dövlət məmurlarının onsuz da çətin durumda iş başında fəaliyyətini zəiflətmək də diversiyanın bir növü sayılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər