29 Mart 2020 16:00
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstənilən təşviş, qorxu hər hansı bir məntiqi əsası olmadıqda insana ziyan vurur. Səbəbsiz təşviş, qorxu insan psixologiyası üçün təhlükəlidir".

Bunu Teleqraf.com-a açıqlamasında psixoloq Orxan Oruc deyib.

Psixoloq hesab edir ki, hazırkı vəziyyətdə yaranan təşviş və qorxu heç də əsassız deyil: "Bu daha çox müdafiəyə istiqamətlənən panikadır. O qorxu olmasa, verilən təlimatlara, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə çox laqeyd yanaşarıq və bu daha böyük təhlükəyə səbəb ola bilər".

Bəzi insanların mövcud vəziyyətdən daha çox həyəcan keçirdiyini vurğulayan psixoloq bu stressə qalib gəlməyin yollarından danışıb: "Karantin müddəti bitdikdən sonra bu hal insanlarda öz izlərini buraxmış olacaq və gərginliyin elementləri qalmaqda davam edəcək.

Stressə qalib gəlməyin iki yolu var: stressin üzərinə getmək, yaxud ondan qaçmaq. Sadəcə əvvəlcə problemin kökünü müəyyən etmək lazımdır. Əvvəlcə stressimizi tanımalıyıq. İnsan özünə sual verməlidir "Mən bu həyəcanı niyə yaşayıram? Bu mənə nəyi qazandırır?" Sözsüz ki, hər dövrdə olan proseslərin insan psixikasına təsiri mütləqdir".

Psixoloq insanlara karantin dövründə stressdən uzaqlaşma üsulları barədə tövsiyələrini verib: "İnsanları stressə salan məqamlarda biri ailə üzvlərinə vaxt ayıra bilməməsi idi. Hazırda ev şəraitində bunun üçün kifayət qədər imkan var. Bu müddət ərzində yaxınlarla rahat şəkildə telefonda ünsiyyətdə ola bilərlər. Əminəm ki, hər kəsin evdə çatdıra bilmədiyi işləri var idi ki, vaxt ayıra bilərlər.

İnsan çox bekar oturduqca, problemini düşünməyə vaxtı olduqca, bu stress artacaq.

Mövcud vəziyyətdə düşüncələrimizdə artıq olan, yer tutan məqamları çıxara, həyatımızı səliqəyə salmaq üçün imkanımız var. Bu fürsətdən yaxşı mənada istifadə etmək lazımdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər