Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti tərəfindən insanları evdə qalmağa səsləyən sosial çarx təqdim edilib.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, videoçarxda infeksiyanın qarşısının alınması istiqamətində çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri yer alıb və onların yollarını gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə edilib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Bununla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət aprelin 20-si saat 00:00-dək dayandırılıb.