7 Aprel 2020 14:12
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidentinin sərəncamı ilə yaşı 65-dən yuxarı olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən 176 nəfər əfv edilərək, azadlığa buraxılıb. Ölkə ictimaiyyəti, o cümlədən əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin sayca 34-cü əfv fərmanını humanizm aktı kimi yüksək dəyərləndirdiklərini və təqdir etdiklərini bildiriblər. Sadə məntiqlə eyni yanaşma radikal müxalifət təmsilçiləri, o cümlədən AXCP və Müsavat Partiyasının funksionerləri tərəfindən də ortaya qoyulmalıydı. Amma təəssüf ki, yenə də fərqli və heç bir ölçüyə, dəyərə, hüquqi anlayışa sığmayan yanaşmaların şahidi oluruq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, gözlərini qərəz və aqressiya tutan bu kiçik siyasi qrupların təmsilçiləri 176 nəfərin adının olduğu siyahıda yalnız Akif Çovdarov və Sübahir Qurbanovun adlarını görürlər:

“Digər tərəfdən, bəsit siyasi ritorikadan bir addım o yana ayaq basa bilmədikləri üçün dərk etmirlər ki, əfv sərəncamı hüquqi aktdır və o ayrı-ayrı şəxslərə münasibətdə onların adlarına və şəxsiyyətlərinə görə deyil, hüququn ali prinsiplərinə, konkret hüquqi aktla bağlı müəyyən olunan kriteriyalara görə müəyyənləşdirilir. Azərbaycan Prezidentinin sərəncamında da qeyd olunur ki, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumlar koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar əfv olunublar. Yəni sərəncamda əfv olunan şəxslərin yaşı və xüsusi qayğıya ehtiyac duymaları əsas götürülüb!

Bu adamlar anlaya bilmirlər ki, dövlət vətəndaşa münasibətdə ayrı-seçkilik nümayiş etdirə bilməz və etdirməməlidir də. AXCP və Müsavat Partiyası funksionerlərinin 176 nəfərin adının olduğu siyahıda gördükləri 2 nəfər - Akif Çovdarov və Sübahir Qurbanov da yaşları 65-dən yuxarı və xəstə olduqları üçün əfv olunublar. Məsələn, Akif Çovdarov ürək xəstəsidir və törətdiyi cinayətin ağırlıq dərəcəsi də onun əfv olunmasına imkan verir.

Təəssüf. AXCP və Müsavat funksionerləri yenə ölkəmizin siyasi münasibətlər sistemində baş verən dəyişiliklərin mahiyyətini, milli birlik və həmrəyliyimizin daha da möhkəmləndirməsi istiqamətində atılan addımların əhəmiyyətini anlaya bilməyiblər və bundan sonra çətin ki, anlayalar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər