Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının müdavimləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə müdavim-ruhanilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər, abidələrin önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Sonra Şəhidlər Xiyabanına gələn müdavimlər 20 yanvar və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidləri, eləcə də şəhidlərin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanının ziyarəti QMİ-nin müvafiq layihəsi çərçivəsində həyata keçirilib. Layihə ölkəmizin tarixi və dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsi, müdavim-ruhanilərin milli vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, eləcə də onların mədəni irsimizə dərindən bələd olması məqsədilə təşkil edilib.
BƏXTİYAR