Dünyada koronavirus pandemiyasının yayılması səbəbi ilə əksər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində biznesin fəaliyyəti zəifləyib. Biznesin fəaliyyətinin zəifləməsi nətiəsində şəxsi ev təsərrüfatlarının, ailələrin gəlirlilik səviyyəsi aşağı düşüb. Buna görə götürülmüş öhdəliklərin ödənilməsində çətinlik yaranır. İnsanların götürdükləri ən əsas öhdəlik də kreditlərdir. Ona görə də bu problemi qismən aradan qaldırmaq üçün həyata keçirilən sosial-iqtisadi dəstək paketi çərçivəsində Mərkəzi Bank tərəfindən banklara bir sıra tövsiyələr verilib.
Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
O qeyd edib ki, tövsiyələr 3 başlıca istiqamət üzrə verilib:
“Bu tövsiyələr banklar və kredit təşkilatlarını, sığorta şirkətlərini və qiymətli kağızlar bazarını əhatə edir. Bunlar maliyyə bazarlarının əsas iştirakçılarıdır. İstehlak kreditlərinə gəldikdə qeyd etmək lazımdır ki, mart ayının 1-dək ipoteka krediti götürməklə mənzil və ya digər əmlaka sahib olan şəxslər 30 sentyabr 2020-ci ilədək özünün əsas borcunu ödəməkdə çətinlik çəkərsə, yaxud gecikdirərsə, bağlanmış müqaviləyə görə həm borca, də borcun üstünə gələn faizə əlavə cərimə faizləri və ya dəbə pulu hesablanmalıdır ki, bunlar hesablanmayacaq. Bunda əlavə banklar həmin şəxslərin adlarını sentyabrn 30-dək “qara siyahı”ya salmayacaqlar. Yəni, onların kredit tarixçəsinə mənfi hallar daxil edilməyəcək”.
Bu qərar əsasında ödənişlərin necə tənzimlənəcəyinə dair məsələyə aydınlıq gətirən R.Atakişiyev deyib ki, bir vətəndaşın götürdüyü əsas vəsait, bir də bu vəsaitə hesablanmış faizlər, üstəlik gecikdikdə dəbbə pulu var:
“Bu zaman vətəndaşa imkan yaradılacaq ki, martın 1-də aldığı krediti aprelin 30-dən ödəyə bilmir, iyunda, yaxud iyulda verir. Burada tövsiyə olunur ki, vətəndaşın imkanı çatdıqca hissə-hissə versə yaxşıdır. Çünki sonraya saxladıqda məbləğ böyüyür. Bəzi hallarda istehlakçıda arxayınlıq yarana bilər ki, hesablayıb sonra ödəyə bilərəm. Amma bilmək lazmdır ki, bu da sentyabrın 30-dək olan bir güzəştdir. Ona görə də istehlakçı özü bu vaxtdan istifadə edib kreditin əsas hissəsini hissə-hissə ödəsə daha yaxşı olar ki, sonrakı dövrdə necə deyərlər böyük bir yüklə qarşılaşmasın”.
R.Atakişiyev qeyd edib ki, koronavirus dövründə dövlət imkan yaradır ki, vətəndaş ödəməkdə çətinlik çəkirsə bunun üçün banklardan zənglər edilməsin, üstünə müəyyən cərimə faizləri yazılmasın:
“Bundan əlavə vətəndaşların kredit keçmişinə mənfi yazılmayacaq. İnsanların əsas ehtiyat etdikləri məsələlərdən biri budur. Çünki mənfi yazılanda artıq digər banklar da ona müəyyən kredit verməkdən çəkinəcəklər”.