28 Aprel 2020 16:05
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizədə karantin rejiminin yumuşaldılması bir sıra istiqamətlərdə aparıldı. Məlum məsələdir ki, əsas sosial məsələlər idi. Azərbaycan dövləti həssas vətəndaşının yanında oldu. Tam şəkildə onların rifahi naminə yardımlar, sosial paketlərin təqdimatı ilə məşğul oldu. Bu gündək 400 min nəfərə 190 manat birdəfəlik müavinətlər verilib və daha 200 mininə ödəniləcək.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, əsas məqamlardan biri də müəyyən məhdudiyyətlərin aradan qaldırılmasıdır:

"Dinamika göstərir ki, bu gün yoluxan və müalicə alanlar arasında müsbət tendensiya var və bu davam edir. Təbii ki, bu, hələ pik nöqtə deyil. Tam şəkildə məhdudiyyətlərin aradan qaldırılması məqsədəuyğun sayılmır. Bu istiqamətdə ekspertlər və Nazirlər Kabineti yanında Operativ Qərargah öz fikirlərini bildirib, müvafiq qərarlar qəbul ediləcək.

Dünyanın aparıcı dövlətlərində tətbiq olunan qərarlar da göstərir ki, Azərbaycan bu istiqamətdə çox mühüm addımlar atdı və bu problemdən şükürlər olsun ki, az itkilərlə çıxırıq".

Arzu Nağıyevin fikrincə, mərhələli şəkildə qaydaların sərtləşdirilməsi kimi, karantin rejimində yumuşalma da eyni qayda olacaq: "Təbii ki, proses həm də insanların münasibəti və məsuliyyətindən asılıdır. Bu gün yoluxma təhlükəsi olanlarla yoluxanlar arasında təmas zəncirinin qırılması vacib məsələdir. Hər bir vətəndaş bunu başa düşməlidir. Təəssüf doğuran məsələlərdən biri də odur ki, hələ də bu rejimi pozanlar, pozmağa cəhd edənlər var. Bu məsələlər aradan qalxdıqca, yumuşalma tendensiyası güclənəcək. Bu gün tətbiq olunan məhdudiyyətlər özünü doğruldur, yəqin ki, problemlər sonradan öz müsbət həllini tapar".

Millət vəkili qeyd edib ki, neftin qiymətinin kəskin düşməsi Azərbaycandan da yan keçmədi və dolayı da olsa təsirini göstərdi: "Biz bu təsirləri hiss etdik və edəcəyik. Qeyri-neft sektoruna da diqqət yönəlməlidir və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Dövlət bu mövzuda bütün tədbirlər planını həyata keçirib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər