2 May 2020 09:16
10 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını hazırda Türkiyənin İstanbul şəhərində yaşayan AzTV-nin "Xəbərlər" proqramı və “Səhər” verilişindən hər kəsin tanıdığı məşhur aparıcı Esmira Çərkəzqızı cavablandırıb. O, koronavirus pandemiyası ilə əlaqədar İstanbuldakı son vəziyyət barədə ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:

- Esmira xanım, hazırda İstanbulda koronavirusla mübarizə çərçivəsində vəziyyət necədir? Yumşalma meylləri hiss olunur?

- Son statistika bunu deməyə əsas verir ki, artıq virusla mübarizədə atılan bütün tədbirlər effektiv oldu. Səhiyyə naziri Fəxrəddin Kocanın açıqlamasına görə, dünyanın kabusuna çevrilmiş COVID-19 Türkiyədə yayılan ilk vaxtdan bu günədək infeksiyaya yoluxanların sayı hər gün əhəmiyyətli dərəcədə azalır. Sağalan xəstələrin sayı 44 mini, ümumilikdə yoluxma sayının üçdə birini keçib. Xəstəliyin aşkarlanması, qabaqlayıcı tədbirlər və davamlı müalicəni əsas götürən Türkiyə qısa zaman ərzində pandemiyaya qarşı bütün imkanlarını səfərbər etdi və nəticə də göz qabağındadır. Virusdan vəfat edənlərin sayı hər gün nəzərəçarpacaq dərəcədə azalır. Bu, bir daha onu göstərir ki, tədbirlər səmərəli və effektiv oldu.

- Bu gündən Türkiyədə yenidən üç günlük komendant saatı tətbiq olundu. Sizcə, artıq insanlar karantin qaydalarına öyrəşiblərmi, yoxsa yenə də təşviş yaşanacağı gözlənilir?

- İlk zamanlarda vurğuladığınız kimi, təşviş yaşanırdı. Hər gün artan yoluxma sayı, ölüm hallarının yüksəlməsi gözümüzün önündə dünyanı bir anda iflic edən bir mənzərə yaratmışdı. Panikaya düşməmək mümkünsüz idi. Türkiyədə həyatımızı, gündəlik vərdişlərimizi evlərə sığdırmağa çalışdıq. Çünki ən təhlükəsiz yerin elə evimiz olduğunu başa düşdük. Biz bunu təkcə özümüz yox, yaxınlarımız, ətrafımızda olan insanlar üçün də etməliyik. Qaydalara əməl etməklə öz sağlamlığımızla yanaşı, həm də sevdiklərimizi qoruyuruq.

Havaların isinməsi istər-istəməz insanları təbiətə yönəldir, amma durumun nə qədər riskli olduğunu anlayanların sayı başa düşməyənlərdən daha çoxdur. Yəni karantin qaydalarına əməl edənlərin sayının çox olması koronavirusla mübarizədə effekli nəticənin əldə edilməsinə imkan yaradıb. Təəssüf ki, hər zaman qaynayıb-qarışan İstanbulun küçə və meydanlarının boş qaldığını görürük. Bu cür həyat eşqi olan İstanbulun bir anda səssizliyə qərq olması əhalinin küçələrə çıxmamaq qadağasına əməl etməsinin nümunəsidir. Bu vəziyyətdən faydalanan təkcə təbiətdəki canlılardır. Televiziya kanallarında izlədim, İstanbulda boğazda əylənən balinaları görəndə, tərtəmiz səmaya baxanda bir daha anladım ki, biz insanlar təbiətlə aramızdakı məsafəyə diqqət etməmişik. Bu gün havanın, ətraf-mühitin çirklənməsi, qlobal istiləşmə, heyvanlara yönəlmiş şiddət və başqa faktorlar epidemiya şəklində biz insanlara geri qayıdır. Biz öz mənafeyimiz naminə təbiətə diqqət yetirməmişik, onu necə çirkləndirdiyimizin, təbiətdəki canlılara nə qədər zərər verdiyimizin indi mahiyyətinə varmışıq. Hazırda İstanbul boğazı sakitdir, balıq tutanlar yoxdur, gəmilər hərəkət etmir, bütün bunlar dənizdəki canlılara bir həyat gətirib. Bu nümunələrin sayını artırmaq da olar. Bir daha vurğulamaq istəyirəm ki, bundan bir nəticə çıxarmağa və düşünməyə dəyər.

- Özünüzü və üçəmlərinizi virusdan necə qoruyursunuz?

- Mən nəinki pandemiya dövründə, adi günlərdə də gigiyenik qaydalara çox diqqət edirəm. Övladlarım da bu vərdişi məndən götürüb, belə tərbiyə alıblar. Gigiyenik qaydalara əməl etməyin öz sağlamlığımız üçün nə qədər əhəmiyyətli olduğunu bilməliyik. Bunu da doğmalarımıza təlqin etməliyik. “Evdə qal Türkiyə” devizini biz də rəhbər tutaraq, hər kəs kimi ailəlikcə evdəyik. Sevdiklərimizin sağlamlığı üçün karantin qaydalarına əməl etmək əhəmiyyətlidir. İmmunitetimizi möhkəmlətmək üçün sağlam qidalanmağa çalışırıq, karantin rejiminin qaydalarına riayət edirik.

- Yeri gəlmişkən, övladlarınız təhsilini necə davam etdirir? Distant təhsildən keyfiyyət baxımından razısınız?

- Pandemiya məktəblərin bağlanmasına səbəb olduğundan bütün şagirdlər distant təhsildən yararlanırlar. Bununla kifayətlənməsək də, hər şeydən əvvəl sağlamlığın vacib olduğu qənaətindəyəm. Əlavə dərslərin keçiriləcəyi bildirilir. Biz də evdə imkanımız daxilində övladlarımızın təhsilinə dəstək verməliyik. Uşaqların zehnini daha da inkişaf etdirmək üçün oyunlar oynayırıq, verilən tapşırıqlara uyğun olaraq əlavə mənbələr hesabına biliklərimizi artırırıq. Düşünürəm ki, bu dönəmdə övladlarımıza biz valideynlər də dəstək olmalıyıq. Çünki məktəblər bağlıdır, əslində tətil deyil, distant təhsildir. Bunun məsuliyyətini uşaqlara izah etməliyik. Mən də məktəbli övladlarıma başa salmağa çalışıram ki, bu perioddan sağlamlığımız və təhsilimiz baxımından daha keyfiyyətli keçməliyik.

- Çoxuşaqlı analar bu dönəmi həm də övladları ilə vaxt keçirmək baxımından fürsət sayır. Bəziləri isə dörd divar arasında uşaqları zəbt etməyin mümkün olmadığını söyləyirlər. Üçəmlərlə necə vaxt keçirirsiniz?

- İnanın, övladlarımla çox gözəl zaman keçirirəm. Təbiətin oyandığı bir vaxtda təbii ki, uşaqları evdə saxlamaq çətindir. Həyətə düşmək, təmiz havada oynamaq istəyirlər. Fikrimcə, şəraitə uyğun olaraq, evdə də vaxt keçirmək mümkündür. Zehni açan oyunlar oynayırıq, internetdən maraqlı axtarışlar edirik, bacarıqlarını daha da inkişaf etdirmək üçün əl işləri hazırlayıb çərçivədən asırıq, bununla çox xoşbəxt olurlar. Zamanı belə dəyələndirməyə çalışırıq. Həm də elə oyun seçirik ki, çox hərəkətli olmasın, qonşular da narahatlıq keçirməsin. Mənim üçün həyat evdə də maraqlı keçir. Bir daha vurğulamaq istərdim ki, ən əsası sağlamlıqdır. Pandemiya ilə insan bir daha başa düşdü ki, bu həyatda sağlamlıqdan başqa hər şey boş və yalandır.

Bu məqamda Türkiyənin ən zəngin insanalarından olan Vehbi Koçun dəyərli fikirlərindən sitat gətirmək istərdim. O deyir ki, evin varsa, sərvətinin qarşısına bir sıfır düz, işin varsa, daha bir sıfır düz, öz işinin rəhbərisənsə üç sıfır, işlərin qaydasındadırsa, daha üç sıfır yaz. Bu sıfırlar çoxala bilər, amma səhhətin yaxşıdırsa, bunu sıfırların əvvəlinə yaz, o zaman bu düzdüyün sıfırların mənası olacaq, əks halda nəticə sıfır olacaq, hədər yerə əziyyət çəkmə. COVID-19 pandemiyası bu həqiqəti bizə bir daha öyrətdi.

Pulumuz, gözəl həyat şəraitimiz ola bilər, amma evə qapanmışıq, azadlığımız yoxdur. İnsanlar bu dönəmdə azadlığın necə şirin nemət olduğunu anladı. İstədiyin vaxt çölə çıxıb gəzməyin, əylənməyin, sevdiklərinlə görüşməyin, möhkəm qucaqlamağın bir daha necə mənalı olduğunu başa düşdü. Bu mübarək ayda hamı iftarı doğmaları ilə açardı, bayramlaşardı, təəssüf ki, yaşı 20-dən az və 65-dən yuxarı şəxslərin çölə çıxması üçün qadağa qoyulub. Heç kəs bu azadlığını dəyərləndirə bilmir. Malın-mülkün var, amma özgürlüyün yoxdur. Pulun ola bilər, sağlamlığın yoxdursa, nə faydası olacaq? Öz payıma deyirəm, bu virus müsbət mənada biz insanları ayıltdı, sağlamlığın, azadlığın, həyat eşqinin nə qədər əhəmiyyətli olduğunu başa saldı. 23 apreldə Milli Suverenlik və Uşaq Bayramına uşaqlar necə həvəslə hazırlaşmışdı, amma pəncərələrin çərçivəsindən baxaraq qeyd elədilər. Bu mənzərə mənə çox təsir etdi. Bu xoşbəxtliyi uşaqların əlindən almağa heç kəsin haqqı yoxdur, amma onların sağlamlığı üçün yönəlmiş addımlardan biri idi. İnşallah, qısa müddətdə bütün dünyada insanların həyatı öz axarına düşər, yenə də sevdiklərimizlə görüşərik.

- Türkiyədəki həmvətənlərimizlə əlaqəniz varmı? Ümumiyyətlə, ətrafınızda virusa yoluxan olubmu?

- Tanıdığım, ünsiyyətdə olduğum həmvətənlərimiz çoxdur. Amma belə vəziyyətdə texnologiyanın imkanlarından istifadə edərək, əlaqə saxlayırıq. Şükürlər olsun ki, istər Türkiyədə, istərsə də Azərbaycanda tanıdıqlarım, qohumlarım, doğmalarım arasında virusa yoluxan yoxdur. Buna sevinirik. Əlbəttə, xəstələrə, süni tənəffüs aparatına qoşulan, ölüm-dirim savaşında olan insanlara görə narahatlıq keçiririk, Ramazan ayında onlar üçün də dua edirik, dünyanın bütün nöqtəsində şəfaya ehtiyacı olan bütün xəstələrə sağlamlıq arzulayıram. İnşallah, qısa müddətdə dünya bu kabusu daha az itki ilə arxada qoyar.

- Türkiyə mediasından türk alimlərinin vaksini tapacağına dair ümidli xəbərlər eşidirik. Sizcə, türk elm adamları insanlığı bu bəladan xilas etmək üçün dərman tapacaqmı?

- Türkiyənin səhiyyə sisteminin və tibb elminin nə qədər inkişaf etdiyini bilirik. Alimlərin araşdırmaları, virusa qarşı iki fərqli vaksinin laboratoriyalarda tədqiqi davam edir. Amma mütəxəssislər bunun üçün vaxta ehtiyac olduğunu bildirirlər. Biz də KİV-lərdən izləyirik və səbirsizliklə şad xəbəri gözləyirik. İnşallah, alimlərin zəhməti boşa getməz, qısa zaman ərzində nəticə əldə olunar, bu dərdin dərmanı tapılar.


Müəllif: Nərgiz Ehlamqızı