Bütün dünyada koronaviris pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər sərnişindaşıma sahəsini də əhatə edib. Ümumilikdə Bakıda 24 martdan bəri 21 milyon 652 min sərnişin hərəkətdə olub.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"7 ekspress marşurut xətti üzrə avtobuslar təşkil olunub, 1 milyona yaxın - 942 min sərnişin daşınıb. Gün ərzində 1700-1750 avtobus xidmət göstərir. Ekspress xətlər üzrə 105 ədəd yeni avtobus buraxılıb. Bu sıxlığın yaranmaması üçün 18 metrlik avtobuslar ayrılıb. 6 apreldə 378 min sərnişin, 20 apreldə 573 min, 27 apreldə 736 min sərnişin daşınıb".
Vüsal Kərimli qeyd edib ki, 200 yeni işə qabul olunan sürücüdən 103-ü ekspress xətlərdə fəaliyyət göstərir: "Avtobuslarda, dayanacaqlarda, qarajlarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər əlcək və maska ilə təmin olunub. TƏBİB-in metodikası ilə təlimatlar sürücülərə paylanılıb. Eyni zamanda taksilərdəki şəffaf sədlər Baku Buslarda da qurulacaq".
O bildirib ki, bir həftə əvvəlki nəqliyyat axını ilə bu gün arasında 12 faiz artım müşahidə olunub: "Postlara yaxınlaşmadan əvvəl sənədlər hazırlanmalıdır. 14-15 avtobus sıxlıqda gözləməli olur və dayanacaqlarda insan sıxlığı yaşanır. Nəqliyyat vasitələri intizamlı olsalar, biz tədbirləri həyata keçirə bilərik".
O vətəndaşlardan evlərini zərurət olmadan tərk etməmələri barədə xahiş edib.