6 May 2020 19:19
2 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını UNICEF-in Özbəkistan nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat alan həmyerlimiz Munir Məmmədzadə cavablandırıb. Hazırda təşkilatın Qırğızıstandakı nümayəndəsinin müavini vəzifəsində çalışan soydaşımız koronavirus pandemiyası çərçivəsində yaşadığı Bişkekdəki son durum barədə ətraflı məlumat verib. Eləcə də təyinatı, gələcək planları haqda danışıb. Müsahibəni təqdim edirik:

- Munir bəy, istərdik ilk növbədə Qırğızıstanda koronavirus pandemiyası ilə əlaqədar mövcud durum barədə məlumat verəsiniz. Statistikaya görə, COVID-19-a yoluxanların və həyatını itirənlərin sayı nə qədərdir?

- Mayın 6-na olan məlumata əsasən, Qırğızıstanda bu günə kimi 871 yoluxma faktı qeydə alınıb. COVID-19 aşkarlanan 245 nəfər hazırda müalicə alır. Yoluxanların 221-i tibb işçisidir. 13 nəfər virusdan vəfat edib. Martın 22-dən paytaxt Bişkek daxil olmaqla ölkənin bəzi regionlarında fövqəladə vəziyyət elan olunub. Bu rejim mayın 11-dək qüvvədədir.

- Xəstəxanalarda tibbi personal çatışmazlığı Qırğızıstanda da hiss olunurmu? Niyə bu ölkədə infeksiyaya yoluxanlar arasında tibb işçiləri çoxluq təşkil edir?

- Bununla bağlı bir sıra fikirlər irəli sürülür. İlkin mərhələdə xüsusi qoruyucu vasitələrin azlığı və onlardan istifadə təlimatı üzrə məlumat çatışmazlığı, qaydalara riayət olunmaması göstərilirdi. Hazırda bu məsələ araşdırılır və ekspertlərin fikirləri fərqlənir. Bu faktları nəzərə alaraq UNICEF və digər qurumlar tibb personalının lazımi müdafiəsi üçün xüsusi tədbirlər həyata keçirir.

- Bəs hələ də maska və əlcək qıtlığı yaşanır?

- Bəli. Təəssüflər olsun ki, hələ də bu tibbi ləvazimatları tapmaq çətindir.

- Koronavirus yayılan ilk vaxtlarda belə versiyalar səslənirdi ki, bu virus müəyyən haploqrupa sahib insanları yoluxdurmur. İnfeksiyanın xüsusilə türk əsillilərə ciddi problem yaratmadığı qənaəti formalaşmışdı. Bu fikirləri bölüşürsünüz?

- Səsləndirilən fikirlər heç bir elmi araşdırmalara əsaslanmadığı üçün razılaşmıram. Artıq sübut olunub ki, xüsusi tədbirlər görülmədiyi halda virusun yayılması istənilən ölkədə baş verə bilər.

- Orta Asiya ölkələrindən Tacikistan və Türkmənistanda virusa rast gəlinməməsinin səbəbi nə ilə izah olunur? Qırğızıstanda karantin rejimi hansı səviyyədədir?

- Tacikistanda artıq COVID-19-un yayıldığına dair faktlar təsdiq olunub. Türkmənistan isə regionda yoluxma fakt təsdiq edilməyən yeganə ölkədir. Qırğızıstanda karantin rejiminə 1 may tarixindən müəyyən yumşalmalar tətbiq olunub. Amma təcrübə göstərir ki, bu qərar xəstələrin artmasına gətirib çıxarıb.

- Bu ölkədə yaşayan soydaşlarımızın durumu necədir? Təmaslarınız varmı?

- Qırğızıstandakı soydaşlarımızla əlaqələrimiz var. Hamı kimi həmyerlilərimiz də tətbiq olunan məhdudiyyətlərə əməl edir, səbəb olmadan evdən çıxmırlar. Özüm BMT rəsmisi olmağıma baxmayaraq, iki aya yaxındır ki, evdə çalışıram. BMT, o cümlədən UNICEF koronavirusla mübarizədə aktiv fəaliyyət göstərir və hökumətə yardım edir. Digər qonşu ölkələrdə yaşayan həmvətənlərimizlə də təmaslarımız var. Şükürlər olsun, tanıdıqlarım arasında ciddi problemlərlə üzləşən olmayıb.

- Sizi UNICEF-in Özbəkistan nümayəndəliyinin rəhbəri təyin olunmağınız münasibətilə təbrik edirəm. UNICEF sistemində nümayəndəlik rəhbəri təyin olunan ilk azərbaycanlısız. Siz həm də bu qurumun ən gənc nümayəndəlik rəhbərisiniz, elə deyilmi? Hədəflər, planlar nədən ibarətdir?

- Hazırda UNICEF-in Qırğızıstandakı nümayəndəliyində rəhbər müavini vəzifəsində çalışıram. Yeni təyinatım UNICEF rəhbəri vəzifəsinədir. Özbəkistan hökuməti razılıq verdiyi halda yaxın aylarda yeni vəzifəmi icra etməyi planlaşdırıram.

- Tanıdıqlarınız arasında BMT və ya UNICEF rəsmilərindən COVID-19-a yoluxan olub?

- Xeyr. Amma bildiyim qədərilə BMT işçiləri arasında infeksiyaya yoluxanlar var.

- İnsanların bir qismi hələ də belə bir virusun mövcud olduğuna inanmır, yaxında, ətrafda, tanışlar arasında virus daşıyıcısı axtarır. Qırğızların koronavirusa yanaşması necədir? Qeyri-ciddi yanaşanlar çoxluq təşkil edir?

- Virusun bu qədər yayılmasının əsas səbəblərindən biri də onun mövcud olmadığını düşünənlərlə əlaqədardır. Çünki koronavirusa inanmayanlar xüsusi karantin rejiminə və sosial məsafənin saxlanılmasına əməl etmirlər. Qırğızıstanda da digər ölkələrdə olduğu kimi, əhalinin bir qismi məsələyə spektik yanaşır, amma deməzdim ki, onların sayı çoxdur.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər