18-31 may tarixləri üzrə qrafikdə Azərbaycana çarter reysi vasitəsilə vətəndaşların gətirilməsi nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"MDB və Avropa ölkələrindən vətəndaşlarımızın gətirilməsi davam etdirilir. Həmçinin quru yolu ilə vətəndaşların ölkəyə gətirilməsi may ayının ikinci hissəsinə planlaşdırılır".
O qeyd edib ki, Azərbaycan Respublikası ÜST-ə koronavirusla mübarizədə maliyyə vəsaiti ayırıb: "Bu vəsait ÜST tərəfindən koronavirusla mübarizədə çətinlik çəkən ölkələrə göndəriləcək. Qonşu İran, Qırğız, Xorvatiya, Pakistan, Serbiya respublikasına maliyyə yardımı göstərilib.
Serbiyaya yaxın müddət ərzində yardım nəzərdə tutulur. Eyni zamanda Fələstin qaçqınlarına yardım üçün müraciət daxil olub və bu yardımın yaxın şərq agentliyinə verilməsi nəzərdə tutulur. Sözügedən agentliyə müəyyən yardımlar həyata keçirilib".