Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar DİN vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.
Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.
Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır.