14 ildir Hindistanın Banqalor şəhərində yaşayan həmyerlimiz Yaqut Balakişiyeva (Rubi Kriş) koronavirus pandemiyası ilə əlaqədar hər gün 500 hindliyə pulsuz yemək hazırlayıb paylayır.
Soydaşımız Teleqraf.com-a müsahibəsində Hindistandakı mövcud durum barədə ətraflı danışıb, bu ölkədə virusun kütləvi yayılmamasının səbəblərinə aydınlıq gətirib. Müsahibəni təqdim edirik:
- Yaqut xanım, yaşadığınız Hindistanda insanlara pulsuz yemək payladığınıza dair görüntülər diqqətimi çəkdi. İstərdim söhbətimizə elə bu təşəbbüsünüzdən başlayaq...
- Dehlinin kəndlərindən yaşadığımız Banqalor şəhərinə ev tikmək üçün fəhlələr, restoranda işləmək üçün aşpazlar, ofisiantlar, qabyuyanlar gəlir. Koronavirus pandemiyası ilə əlaqədar bütün müəssisələr fəaliyyətini dayandırdığı üçün bu şəxslər də işsiz qaldı. 30 gün çox sərt karantin qaydaları tətbiq olundu.
Onu da qeyd edim ki, Hindistanın bir şəhəri ilə digər şəhəri arasında məsafə çoxdur.
Məsələn, Banqalordan Dehliyə təyyarə ilə 3 saat yarıma çatırıq.
30-cu gündən sonra yavaş-yavaş yüngülləşmə müşahidə olundu. Yumşalmadan sonra məlum oldu ki, Dehlidən şəhərimizə işləmək üçün gələn şəxslər məktəblərdə gizləniblərmiş. Karantin qaydaları yumşaldığı üçün həftədə bir dəfə Banqolardan Dehliyə qatar hərəkət edir. Bu şəxslər isə növbəyə yazılmaq üçün bizim yaşadığımız bina ilə üzbəüz polis məntəqəsinə yaxınlaşıb ərizə yazırlar.
Hər gün görürdüm ki, ac-susuz, ailəvi günün altında oturub gözləyirlər. Onların acınacaqlı vəziyyətinə görə çox pis olurdum.
Əslində Hindistan kasıb ölkə deyil, bizim bina 18 mərtəbəli 350 mənzildən ibarətdir. Teleqram qrupumuzda təklif verdik ki, gəlin, küçədə əlacsız qalan insalara yardım edək. Cəmi 10 nəfər razılaşdı, biri dedi mən 10 nəfərə yemək paylayaram, biri dedi 20-sinə... Mən də Qazaxıstandan olan qonşum Anna ilə məsləhətləşdim. Annanın həyat yoldaşı da türkdür. Dedi Ramazan ayıdır, hər gün 500 nəfərin yeməyini ikimiz hazırlayaq. Hindilərlə düyü biryani çox yeyirlər, tərəvəzdə düyü resepti üçün 40 kq düyü aldıq, binanın həyətində yeməyi bişirməyə başladıq.
- Bütün xərci qonşunuzla ikiniz çəkdiniz?
- Bəli, digər 10 nəfər də bir neçə ailəyə yemək verəcəklərini söylədilər. Qonşumla birgə 500 nəfərlik yemək bişirməyə başladıq. Aşpaz çağırdıq, yeməklər bişirildi, hazır yeməkləri qablaşdırdıq, su aldıq, arabalara yığıb polis bölməsinin qabağında sıra ilə payladıq. İlk gün yeməyi paylayanda polislər kənarda müşahidə edibmiş. Mən də Anna ilə rus dilində danışıram, deyiblər, bunlar bizim millətin nümayəndələri deyillər, kimdir ki, yemək paylayırlar. Camaat da söyləyib ki, xaricidirlər. Polislər sonra bizə kömək etməyə başladılar, insanları sıra ilə düzürdülər. Növbəti gün də gəldiyimizi görəndə polislər polis rəisinə bu barədə məlumat verib. Üçüncü gün yemək paylamağa gedəndə polislər bizi məntəqəyə dəvət etdilər. Polis rəisi bizə xüsusi təşəkkür etdi, dedi nə kömək lazımdır deyin, aşpazlar ayıraram. Millət acdır, çox sağ olun, bişirib paylayırsınız. Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışan bir oğlan da yaxınlaşdı ki, istəyirəm telekanallardan jurnalistlər dəvət edək, siz bizim millətdən deyilsiniz, amma çox köməklik edirsiniz, eşitmişik üç gündür 500 nəfərin yeməyini hazırlayırsınız. İnanın, evdə yemək də yemirdim, bir stəkan çay içib evdən çıxırdım. O qədər təşəkkür edirdilər ki. Bunun sevinci mənə kifayət edirdi...
Yeməkləri binamızda mərasim zalının mətbəxində bişirirdik. Bu təşəbbüsümüz barədə məlumat bütün binaya yayıldı. Amma o qədər paxıllığımızı çəkənlər var, binamızda bir nəfər zəng edib ki, məhəllənin mətbəxində yemək bişirdiyin üçün arxanca danışırlar. Mən də cavabında dedim ki, yemək bişirdiyimiz qazanın da icarə haqqını vermişik, işlətdiyimiz qazın pulunu da ödəmişik. Fikirləşmirlər ki, əcnəbi ola-ola bizim millətin nümayəndələrinin qarnını doyurur. Söylədi ki, eşitdiyimizə görə səni televiziyaya çəkmək istəyirlər, bu da əhalinin xoşuna gəlmir. Elə düşünürlər ki, məni televiziyaya çəkdilər, bunlar qaldı. Yardım edənlərin hər yerdə ayağından çəkən var, amma davam edəcəyəm. 2 gün fasilə vermişik, cümə günündən yenidən yemək paylayacağıq. Polis bölməsinin çölündə palatka qurublar, polis rəisi təklif etdi ki, orada yemək bişirmək üçün yer var, aşpaz da ayıracaq, gələk orada bişirək.
- Dediniz Hindistanda 30 gün sərt karantin qaydaları tətbiq olundu, hətta polislərin küçəyə çıxdıqları üçün insanları döydüyü barədə görüntülər də yayılırdı. Hansı qadağalar vardı?
- Pandemiya ilə əlaqədar martın əvvəli bütün müəssisələri bağladılar, uçuşlar dayandırıldı. Ümumiyyətlə, bizdə martda məktəblərdə imtahanlar başa çatır və aprel-may aylarında tətil olur. Ancaq martın əvvəlindən koronavirus infeksiyası yayıldığına görə məktəblərin fəaliyyəti, imtahanlar dayandırıldı. Azərbaycandakı rəfiqələrim, sinif yoldaşlarımla danışanda deyirdim ki, bu infeksiya sizə də gələcək. Mənə inanmırdılar. Aprelin 9-da saat 9-da hamı 9 dəqiqəlik öz işıqlarını söndürməli idi. Bütün Hindistan qapıların girişinə lampa yandırıb qoymalı, Allaha hamı bir ağızdan yalvarmalı idi ki, ölkə virusdan qorunsun.
Hindlilər 9 rəqəminə inanır, deyirlər bir var bir nəfər dua etsin, bir də var hamı bir ağızdan yalvarsın. Hər kəs Hindistan Prezidenti Narenda Modinin bu çağırışına əməl elədi. Məəttəl qalmışdım ki, necə də 1,3 milyard insan onun sözünə riayət edir, inanır. Heç kim avtomlobillə çölə çıxa bilməzdi, həqiqətən də polislər tutub ağacla döyürdü.
Müqavimət olardısa, protokola əsasən polisin hətta atəş açmasına razılıq verilmişdi. Banqalorun 19 milyon əhalisi var, heç kim çölə çıxmırdı. Hamının evində qulluqçu işləyir, amma onlar da öz evində qalmalı oldular. Marketlər saat 8:00-dan 12:00-dək işləyirdi, içəriyə növbəli şəkildə qızdırma ölçüb, əlimizə dezinfeksiyaedici məhlul töküb buraxırdılar.
- Bəs indi yumşalma var?
- Hələ də marketlərə maskasız heç kəs buraxılmır. Hara gediriksə, əlimiz spirtlənir. Mayın 18-dən etibarən mağazaların fəaliyyəti bərpa edilib. Amma hələ də metro işləmir.
- Koronovaris qonşu Çində meydana gəldiyi halda Hindistanın yoluxma sayına görə ilk onluqda yer almaması müxtəlif müzakirələrə yol açdı. Gigiyena qaydalarına bir o qədər də əməl olunmayan Hindistans virusdan necə yayına bildi?
- Çində yoluxma sürətlənəndə Hindistan karantin elan etdi. Hindistan birinci şəhərlərarası gediş-gəlişi dayandırdı, daxili uçuşlar belə ləğv olundu. Mən hətta düşünürdüm ki, burada yoluxma çox olar, iki övladımla Bakıya gedərəm, martın əvvəlində dərhal xarici uçuşu da dayandırdılar. Kim Dehliyə uçmuşdusa, indiyə kimi həmin şəhərdə qalıb, qayıda bilməyib. Hər rayonda barrikadalar qoyuldu, kimsə yaşadığı yerdən 2 km uzağa gedə bilməzdi. Hər yerdə palatkalar qurulub polislər keşik çəkirdi. Hindistanda kütləvi yoluxmamanın səbəbi güclü qabaqlayıcı tədbirlər oldu.
Bütün iş yerləri bağlandı, camaata çölə çıxmaq qadağan olundu. Çölə çıxan döyülürdü, mağazalar 4 saatlıq açılırdı. Ona görə yoluxma güclü olmadı. Bizim şəhərdə 19 milyon əhalidən 400 nəfər yoluxub, cəmi 3 nəfər ölüb. Ölənlərdən birinin 82 yaşı var, bəlkə də başqa xəstəlikdən vəfat edib.
Elə şəhərlər var ki, ölüm halı qeydə alınmayıb, 1-2 nəfər infeksiyaya yoluxub. Yoluxma əsasən Dehli və Bombeydədir.
İnsanlar dəmiryol vağzalına axışdı, bəlkə də ona görə yoluxma çoxaldı. Müsəlmanlar məscidlərə axın edirdi, döyə-döyə çıxarırdılar, orada yoluxma oldu. Kütləvi toplaşma olmayan yerdə yoluxma da olmur.
- Maraqlıdır, necə oldu hindli ilə ailə həyatı qurdunuz?
- Həyat yoldaşımın əmisi Bhalçandra "Makdermot" şirkətində mühəndis işləyirdi, bacım kurslarda ingilis dilindən dərs deyirdi, bunların rus və ya Azərbaycan dilini bilmələri şərt idi. Bacım da Hindistanı çox sevirdi, elə oldu ki, yoldaşımın əmisinə ingilis, rus və Azərbaycan dilində dərs deyirdi. Bir gün onu həyat yoldaşı ilə evimizə qonaq dəvət elədik. Azərbaycanlıları da bilirsiniz, evin bu başından ayağınadək stol açdıq, kişi çoxlu fotolar çəkdi. Bu fotoları qardaşıgilə göndəribmiş. Həyat yoldaşım mənimlə maraqlanıb, əmisi bacıma deyib ki, qardaşım oğlu bacınla yaxından tanış olmaq, Bakıya gəlmək istəyir.
Mən də ingilis dilini 5-10 faiz bilirdim. Dedim yox, o cür razılaşmıram, nə isə telefon nömrəmi verməyə razı saldılar, birinci dəfə telefonla danışmağa başladıq, bacım tərcümə edirdi. O vaxtlar Yahoo messenger dəbdə idi, görüntülü danışmağı təklif etdi, anası məni görmək istəyirdi. Hindistanda ulduz falına baxmaq adəti var, baxıcı deyib ki, yanvar ayına kimi toy edin, əks halda qızı başqa həyat gözləyir. Danışıq zamanı məndən hansı rəngləri xoşladığımı soruşdu, sən demə mənə Hindistan paltarları göndərmək istəyirmiş, o zaman sarinin necə geyildiyini belə bilmirdim. Heç 10-15 gün deyildi danışdığımız, bir də gördüm evimizə böyük bağlama gəldi, içində 24 dəst paltar, çox təəccübləndim. Həmin ərəfədə bacımın toyu olacaqdı, dedi bəlkə məni də toya dəvət edəsiniz. Bacım dedi ki, buyurun, gəlin. Gəldi, toyda da yanımda oturdu, guya ona tərcüməçilik edirdim, halbuki özüm ingiliscə danışa bilmirdim. Əmisi də toya gəlmişdi, qohum-əqrəba da maraqlanırdı ki, Yaqutun yanında oturan kimdir.
Hindistana qayıdandan sonra anasıgil zəng etdilər ki, ailəvi tanış olmaq istəyirik, oğlumun fikri ciddidir. 15 gün sonra yenidən gəldi ki, evlənmək istəyirəm, anam da başa salırdı ki, ora uzaqdır, alınmaz. Həyat yoldaşımın adı Krişdir, xasiyyəti də çox gözəl idi, axırda saqqızımızı oğurladı, ailəm də razılaşdı. Yanvarın 26-da Hindistanda Respublika günündə toyum oldu. Sonra getdik Hindistana, fevralın 3-də boynuma manqasutra taxıldı və ocaq başına fırlandıq. Kitab açdılar və toyun vaxtını fevralın 5-nə təyin etdilər. Beləcə 14 ildir bu ölkədə yaşayıram, Mahir, Rahil adlı iki oğlum var. Tez-tez Bakıya gedib-gəlirik. Dili də bilmirdim, yad ölkə, fərqli ənənələrə görə ilk vaxtlar darıxırdım, övladlarım dünyaya gələndən sonra başım qarışdı, adaptasiya oldum.
- Adaptasiya çətin olsa da, bu ölkədə də deyəsən, aktiv xanımsınız...
- Həyat yoldaşım ixtisasca rəssamdır, interyer dizayner kimi çalışır, mən də ona dəstək oluram. Özüm də aktiv həyat tərzini sevirəm. 1 il bundan qabaq analar arasında “Misses İndia” müsabiqəsi keçirilirdi. Həmin gözəllik müsabiqədə ikinci yeri tutdum, Hindistanı təmsil edirdim.
İki nominasiyanın qalibi oldum. Həyat yoldaşı əcnəbi olan xanımlar da qoşulmuşdu, 100 qadın arasında ikinci yerə layiq görüldüm. Özümü sınamaq üçün getmişdim, uğur da qazandım.