20 May 2020 21:23
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Saray postunun yaxınlığında yerləşən "Araz" marketin işçilərindən birinin koronavirusa yoluxduğu və marketin bütün işçilərinin karantinə alınması barədə məlumat yayılıb. Qeyd olunub ki, market digər filiallarından bura işçilərini gətirib. Xəbəri dəqiqləşdirmək üçün marketlə əlaqə saxladıq.

"Araz" marketlər şəbəkəsinin mətbuat katibi Billurə Əmirova Teleqraf.com-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır:

"Məlumat üçün bildirək ki, əməkdaşlarımızın hər səhər hərarətləri yoxlanılır. Bir nəfər əməkdaşımızda hərarət hiss olunduğundan dərhal xəstəxanaya göndərilib. Həm öz əməkdaşlarımızın, həm də müştərilərimizin təhlükəsizliyi üçün dərhal 103 xidmətinə zəng olunub. Xidmətin nümayəndələri marketdə çalışan bütün əməkdaşlardan yaxma götürüb. Cavab çıxana qədər personalın işə çıxmasına icazə verilməyib. Bu gün analizin nəticəsi məlum olub. Əməkdaşlarımızın heç birində, şükürlər olsun ki, virus aşkarlanmayıb".

Billurə Əmirova əlavə edib ki, Saray postunun yaxınlığında yerləşən Araz superstorun əməkdaşları sabahdan tam heyətlə iş başında olacaqlar: "Bütün hallarda market ərazisi xüsusi vasitələrlə bir daha dezinfeksiya olunub və sabahdan əməkdaşlar tam heyətlə iş fəaliyyətini davam etdirəcəklər. Xüsusi olaraq qeyd etmək istərdim ki, Araz supremarketlər şəbəkəsi öz məsuliyyətini dərk edərək koronavirus pandemiyasının yayılmağa başladığı ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu bütün qaydalara əməl edir, həmçinin Qida Təhlükəsizliyi Ağentliyinin metodiki tapşırıqlarını yüksək səviyyədə həyata keçirir. Hər bir "Araz" müştərisinə məlumdur ki, market daxilində ciddi şəkildə dezinfeksiya və təhlükəsizlik qaydalarına əməl olunur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər