Koronavirusun ən çox zərər vurduğu sahələrdən biri də turizmdir. Karantin rejiminin yumşaldılmasından sonra Azərbaycanda turizm sahəsinin bərpası hansı istiqamətlərdə həyata keçiriləcək?
Azərbaycan Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Teleqraf.com-a açıqlamasında deyib ki, təkcə aprel ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb. Bu rəqəmin davamlı olacağı və dəyən ziyanın daha da artacağı gözlənilir.
O bildirib ki, yaxın vaxtlarda daxili turizmin bərpasını, yeni turizm mövsümünün elan olunmasını gözləyirlər:
"Bununla bağlı turizm şirkətləri, otellər, turizmlə bağlı fəaliyyət göstərən digər subyektlər öz bizneslərini bərpa etməyə başlayacaqlar. Ümumən, turizm 4 mərhələ ilə bərpa olunacaq. Hazırda biz birinci mərhələ hesab olunan - hazırlıq mərhələsindəyik. Növbəti mərhələ daxili turizmin inkişafı, üçüncü mərhələ yaxın qonşularla sərhədlərin açılması, dördüncü mərhələ isə tam olaraq turizmin bərpası olacaq. Bu, əlbəttə ki, prosesin gedişatından, həm qlobal, həm regional, həm də Azərbaycanın dövlət səviyyəsində qəbul edilən qərarlarından asılıdır. Gözləyirik ki, karantin rejimi bitdikdən sonra Bakı və digər iri şəhərlər arasında əlaqə bərpa edilsin və sonra yeni mövsüm start götürsün".
Kənan Quluzadə qeyd edib ki, daxili turizm və xarici turizmin bərpası yeni kriteriyalarla həyata keçiriləcək. Əsas vəzifə insanların sağlamlığının qorunmasının təmin edilməsidir.
Bəs, Bakı və rayonlar arası gediş-gəlişin tam bərpası koronavirusun ölkə ərazisində daha da geniş yayılmasına səbəb olmayacaq?
Ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, hadisəni əvvəlcədən qiymətləndirib, indidən proqnoz vermək olmaz:
"Əgər insanlar verilən tövsiyələrə əməl etsələr, yoluxma hallarında heç bir artım gözlənilmir. Amma əksi olarsa, yollar açılmasa da, yoluxmalar artacaq. Məsələn, Bakı və rayonlar arası yollar bağlı olsa da, Kürdəmirdə, Şamaxıda yoluxma halları artıb. Bu, yolların açılmasından deyil, insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Bir adam xəstələnər, əlaməti olmayan yoluxar və rayona getdiyi zaman 50-yə yaxın insanı yoluxdura bilər. Hələ qapalı mühitdirsə, bu daha çox ola bilər".