27 May 2020 15:53
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirir.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Belə ki, nazirlik 40 ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 33 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 17 çoxtərəfli konvensiya üzrə isə səlahiyyətli orqan qismində çıxış edir.

Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 20 minə çatıb.

Beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.

Azərbaycan və İran Ədliyyə nazirlikləri arasında hüquqi sahədə həyata keçirilən səmərəli əməkdaşlıq çərçivəsində mübarək Ramazan bayramı qeyd olunduğu günlərdə - mayın 27-də ölkəmizdə cəza çəkən 19 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.

Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsi istiqamətində bundan sonra da lazımi tədbirləri davam etdirəcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər